Son dövrlərdə avtomobil bazarında bir durğunluq müşahidə olunmaqdadır. Satıcılar artıq əvvəlki kimi alverin olmamasından şikayətlənirlər.
Nəqliyyat üzrə ekspert, hüquqşünas
Ərşad Hüseynovun sözlərinə görə, bu gün
avtomobil bazarında durğunluq yaşanmasının bir neçə səbəbi var:
"Birincisi, artıq aprel ayından etibarən, "avro 4" standartının
tətbiqi burda rol oynayır. İkinci tərəfdən nəinki köhnə, eləcə də
təzə avtomobillərin satışının azaldan səbəb yanacağın
bahalaşmasıdır. Ölkədə yanacağın qiyməti 30%-ə qədər qalxıb.
Yanacağın qiyməti qalxanda, bütün dünyada belədir ki, həm köhnə,
həm də təzə maşınların satışı zəifləyir. Çünki yanacaq baha olanda
vətəndaşa sərf eləmir ki, avtomobilə əlavə xərc ödəsin. Bir
tərəfdən isə banklarda kredit verilməsi ilə bağlı qaydaların
sərtləşdirilməsi burada mühüm rol oynayır. Bu baxımdan ki, artıq
yanvar ayından arayışsız kredit verilmir. Sonradan dedilər ki,
kreditləri bərpa edirik. Amma elə şərtlər qoyuldu ki, vətəndaşlara
sərfəli olmadı. Belə ki, 1 ilə qədər istismar olunmuş
maşınlara 50% ilkin ödəniş tələb edirlər. Onda bu, heç kredit hesab
oluna bilməz. İstifadə olunmamış, yeni istehsal olunan maşınlardan
isə hətta 70-80% ilkin ödəniş tələb edirlər. Bu ona gətirib çıxarır
ki, cəmi bank vətəndaşa cəmi 20-30% kredit verir. Bu zaman əhali
lizinqə yönəlməyə başladı ki, sonradan lizinq şərtlərini də
qəlizləşdirdilər.
Digər tərəfdən hər yerdə yeraltı, yerüstü keçidlər olsa da, qiymətlər sərfəli deyil. Elə yer var ki, saatı 1 manatdır. Ən yaxşı şərtlərlə kimsə dayanacaqda 1 ay maşın saxlasa, 100 manatdan yuxarı pul ödəməli olacaq. Üstəlik bu gün şəhərə yeni parkomatlar gətirirlər. Orda xidmət saata görə 1 manatdır. Təbii ki, bu zaman vətəndaş düşünür ki, əgər mən maşını şəhərdə rahat sürə bilmirəmsə, saxlamağa yer yoxdursa, yanacağa bu qədər pul sərf edəcəmsə, onda maşınım olmasa, daha yaxşıdır. Hər tərəfdən avtomobil bazarının üzərinə gedilir ki, Azərbaycanda avtomobillərin sayı artmasın. Benzinin qalxması, kredit şərtlərinin çətinləşdirilməsi, "avro 4"ə keçid, dayanacaqların baha olması və s. hamısı maşın bazarında tənəzzülə gətirib çıxarır".
Nəqliyyat məsələləri üzrə mütəxəssis
Azər Allahverənov isə Mövqe.az-a
açıqlamasında əsas səbəb kimi idxalla bağlı qaydaların
dəyişdirilməsini göstərir: "Bu gün Azərbaycanda avtomobil idxalı
ilə bağlı yeni qaydalar tətbiq olunur. Bununla əlaqədar olaraq
insanların yeni xarici maşınlara üz tutması nəticəsində bazarda
boşluqlar əmələ gəlib. Yəni, faktiki olaraq, insanlar artıq köhnə
nəqliyyat vasitələri almaqdan uzaq dururlar. Baxmayaraq ki, qiyməti
bir qədər ucuzdur, amma artıq onların yanacaq sərfiyyatı,
komfortluq nöqteyi-nəzərdən xüsusiyyətləri insanların ehtiyacını
ödəmir. Ona görə də insanlar ucuz olsa da, köhnə nəqliyyat
vasitələrini əldə etmək istəmirlər. Əslində "avro 4" standartına
cavab verməyən avtomobillərin ölkəyə idxalı dayandırıldıqdan sonra
ölkədə köhnə avtomobillərin qiymətində bahalaşma müşahidə olundu.
Eyni zamanda bnunla yanaşı, istehsal tarixi bir qədər yeni olan
nəqliyyat vasitələrinin də qiymətində artım müşahidə olunur. Bu da
nəticə etibarilə, orta maddi imkanı olan istehlakçıları bazardan
aralı salan səbəbdir. Normal imkanı olan istehlakçı isə bazardakı
təkliflərə baxır. Tələblərə cavab verməsi baxımından, təbii ki,
təzə avtomobilə üstünlük verir. Köhnə avtomobillər isə satılmır.
Nəticədə bazarda durğunluq müşahidə olunur".
Ekspert bir müddət sonra durğunluğun aradan qalxacağını proqnozlaşdırır: "Belə bir vəziyyətdə nə baş verir? Azərbaycanda nəqliyyat vasitələri əldə etmək istəyən şəxslər kifayət qədərdir. Lakin ilin birinci rübü ilə müqayisədə idxalın 25-30% azaldığı bildirilir. Müəyyən müddətdən sonra bu durğunluq aradan qalxacaq. Sadəcə olaraq, zaman lazımdır ki, insanların maddi imkanları yaxşılaşsın, avtomobil almaq üçün münasib şərait yaradılsın və s. Burada bir nüans da var ki, əvvəllər banklar vasitəsilə avtomobil almaq üçün kreditlər verilirdi. İndi həmin kreditlər məhdudlaşdırıb. Halbuki, bizdə il ərzində avtomobil satışının 35%-i banklar hesabına həyata keçirilirdi. Nəticə etibarilə, istər qanunvericilikdə idxalla bağlı yeniliklər, istər ölkə bazarında yanacağın qiymətinin artması, istər həmin banklar vasitəsilə kreditlərin dayandırılması və bu tip məsələlər avtomobil bazarında durğunluqlara gətirib çıxarır. Bu dediyim elementlərlə bağlı yeniliklər olsa, dəyişikliklər olsa, məsələn, vergi azaldılması, gömrük rüsumlarının azaldılması, köhnə nəqliyyat vasitələrinin istismardan çıxarılmasından sonra sahiblərinə təzminat verilməsi, avtomobil üçün yeni güzəştlərlə kreditlərin verilməsi baş versə, bazarda mövcud durğunluq aradan qalxar".