Nurçulara qarşı mübarizə genişlənəcək

15 May 2014 08:07 (UTC+04:00)

"Azərbaycan dövlətində hansısa cərəyanlar dindən ekstremist şəkildə istifadə edirsə, biz ruhani idarəsi olaraq onlara qarşı mübarizə aparmalıyıq". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib. Şeyxin sonrakı fikirləri də olduqca maraqlıdır: "İstər vəhhabi, istər nurçu, istərsə də digər dini cərəyanlar olsun, dövlətçiliyimizə qarşı olanlarla amansız mübarizə aparacağıq. Biz işğal olunmuş torpaqlarımızın azad olunması barədə düşünməliyik. Şuşalı gedib Suriyada ölür. Oğlu Suriyaya gedən analar gəlib mənə yavarırlar ki, heç olmasa övladının meyidini tapaq verək".

Göründüyü kimi, son illər dünyanın bir çox yerində radikal dini cərəyanların aktivləşməsi ölkəmizdə də mübarizə tədbirlərini intensivləşdirib. Ancaq mütəxəssislərin sözlərinə görə, onlara qarşı sərt mübarizə ekstremistlərin radikallaşmasına da yol aça bilər.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, hələlik nurçuluğu cəmiyyətimiz üçün təhlükə hesab etmək olmaz: "Radikal olanlar əsasən təkfirçilərdir. Onlar doğurdan da dövlət üçün təhlükə yaradırlar. Ancaq Azərbaycan ictimaiyyətində onların tərəfdarları çox azdır. Terrora meylli qrup olduğu üçün bu və ya digər şəkildə təşkilatlanmalarının qarşısı mütləq alınmalıdır. Fərdi şəkildə də nəzarətdə olmalıdırlar. Əks təqdirdə, miqyas böyüyər, Əfqanıstandakı duruma düşə bilərik. Baxmayaraq ki, cəmiyyətimizdə bu radikallara qarşı nifrət var. Amma o iş ki silahla həll olunur, ideologiya ora qatılırsa, təhlükəyə çevrilir. Şeyx məhz təkfirçilərə qarşı sərt mübarizə aparılacağını bildiribsə, biz də çoxdan istəyirdik ki, belə bir mübarizə olsun. Təbii ki, burada mübarizə zor gücünə olmamalı, bumeranq effekti yaranmamalıdır. O zaman əks reaksiya doğmayacaq. Müəyyən qismdə əks reaksiyalar ola bilər. Amma mübarizə kampaniya şəklində yox, davamlı şəkildə olsa, əks reaksiyalar tədricən itəcək. Görəcəklər ki, dövlət yorulmadan, dayanmadan bunların neytrallşması üçün çalışır. Onlar mübarizədən uzaqlaşacaq, respublikanın ərazisindən çıxacaqlar. Kənardan fəaliyyət göstərəcəklər. Bu da onların təsirinin azalması deməkdir".

Ekspert bildirdi ki, mübarizə ən sərt formada da ola bilər: "Amma sərt formanın özündə bir maarifləndirmə də olmalıdır. Maairfləndirmə Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində aparılarsa, əks reaksiya doğa bilər. Ancaq alimlər səviyyəsində olanda insanlara təsir etmək mümkündür. Bu zamanda əks yolda olduqlarını dərk edə bilirlər. Ümumilikdə mübarizə həm qanunun sərtliyi, həm də maarifləndirmə yolu ilə olmalıdır".

İlahiyyatçı alim Elşad Miri hesab edir ki, bu məsələdə maarifləndirmə gündəmə gətirilməlidirlər: "Yəni, onlar maarifləndirmə ilə insanlarda hansı əməlin yanlış, hansının doğru olduğunu, Quranın əsas prinsiplərini peyğəmbərlərin sözləri ilə düzgün şəkildə çatdırmağa borcludurlar. Lakin əfsuslar olsun ki, bu gün belə deyimlərlə sanki cəmiyyədə bir xaos, xof, insanları bir-birindən ayırmaq meyllərinin yaradılmasına çalışıldığını da görürük. Bu isə Azərbaycan üçün gözəl ənənə deyil. Bu, yanlışa aparacaq səbəblərdir".

İlahiyyatçı qeyd etdi ki, mübarizə bir yerə qədər olur: "Yəni, mübarizə ilə nəticə əldə etmək doğru və mümkün deyil. Bu gün texnologiya dövrüdür. Nəyisə qadağan etməklə, nə iləsə mübarizə aparmaq düzgün deyil. Əksinə, doğruları daha ön plana çəkərək məsələləri düzgün aşılandıraraq, maarifləndirmə aparmaq mümkündür. Yoxsa, hansısa münbarizə ilə, ortada konkret olmayan məsələnin üzərinə qarşı yanlış yolla getməklə heç bir nəticə əldə etmək olmaz".