Azərbaycan da nüvə enerjisindən istifadə etməyə başlayacaq

15 May 2014 08:20 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yeni mərkəzin yaradılması nəzərdə tutulub. Nazirlik Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindədir. Layihə çərçivəsində nüvə reaktorlarının tikintisi nəzərdə tutulub. Məlumatlara görə, yaxın 3-4 il ərzində bu proses başa çatacaq. Mütəxəssislər də belə bir elektrik stansiyasının tikilməsini bu gün ölkəmiz üçün vacib hesab edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor, Adil Qəribov bildirdi ki, burada söhbət tədqiqat nüvə reaktorundan gedir: "Tədqiqat nüvə reaktoru 3-4 ilə yarana bilər. Ancaq atom elektrik stansiyasının əmələ gəlməsi 15-20 ilə çəkir. Tədqiqat nüvə reaktoru yaranandan sonra 15 il vaxt keçməlidir ki, atom elektrik stansiyası qurulsun. Nüvə reaktorunun bir blokunda ən aşağısı 500-600 nəfər işləyir. Bunların da heç olmasa 50 nəfəri yüksək göstəricili insan olmalıdır. Ona görə də ölkə Prezidentinin sərəncamı bu günə deyil, məhz gələcək strategiya üçün nəzərdə tutulur. Adətən, tədqiqat nüvə reaktoru kiçik gücdə olur. Neytron seli əmələ gəlir. Burada müxtəlif maddələrin nüvə çevrilməsi prosesi tədqiq olunur. Həmin seldə nüvə reaktorunun idarəetmə məktəbi yaranır. Gənc kadrları da onun bazasında hazırlaya bilərik. Bütün dünya təcrübəsində belədir".

Professor bildirdi ki, tədqiqat nüvə reaktorunun enerji hasilatı olmur: "Orada zəncirvari proses gedir. Proses başlayanda neytron seli çıxarılır. Zəncirin davam etməsi üçün neytron seli daxildə qalmalıdır. Hər uranın bölünmə prosesində 2.5-3.4 neytron əmələ gələ bilər. Neytron 1-dən artıq əmələ gəlirsə, zəncir doğurur. O, qapalı sistem olduğu üçün daxildə prosesi idarə edir. Amma biz tədqiqat nüvə reaktorunda əmələ gələn neytronu çıxardığımız üçün istilik gücü çox aşağı olur. Tədqiqat nüvə reaktorunun heç bir ekoloji, radiasiya, dağıdıcı təhlükəsi yoxdur. Bu reaktorlar bütün dünyada universititetlərin lobaratoriyasındadır. Yaranacaq bu reaktor yalnız tədqiqat və elmi məqsədli olacaq".

Akademiyanın Fizika İnstitutunun Nüvə tədqiqatları laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev bildirdi ki, bütün dünyada enerji məsələsi ən aktual problemdir: "Ölkələr arasında dialoqların hamısı enerji üzərində qurulur. Bir çox ölkələrdə enerjini neft və qazdan alırlar. Bunlar isə məhduddur. Nüvə texnologiyasından da enerji alma üsulu var. Bu proseslər isə nüvə reaktorlarında həyata keçirilir. 21-ci əsrdə neft-qaz mənbələrinin tükənmə təhlükəsi var. Odur ki, bizim ölkəyə də nüvə enerjisindən istifadə lazım olacaq. İndidən həmin reaktorun hazırlanması labüddür. Düzdür, onun elə də böyük gücü yoxdur. Bunlar tədris reaktorları olacaq. Elə də qorxulu deyil. Onlardan tibb üçün lazım olan izotopları almaq mümkündür. Həm də bizdə gələcək kadları hazırlamaq üçün gənclərimiz iş təcrübəsi toplamalıdırlar. Bu gün gəncləri belə təcrübəni toplamaq üçün xaricə göndərirlər. Ona görə də belə tədris reaktoru bizə lazımdır. Kadr yetişdirmək, təcrübə toplamaq, həm də digər dinc məqsədlər üçün vacibdir. Məsələn, Fransanın 90% enerjisi atom reaktorlarının hesabınadır. Ukraynada isə enerjinin 55%-i nüvə reaktorlarından alınır. Ölkə Prezidentinin isə belə bir sərancamı alqışlanmalıdır".