Ən böyük sənət səmimiyyətdir

14 May 2014 19:28 (UTC+04:00)

Bu  dəfə haqqında söz açacağımız insan uzun illərdən bəri Azərbaycan Musiqili teatrının aktyoru  olaraq çalışan son bir ildə isə İncəsənət Universitetində müəllimlik fəaliyyəti göstərən Nadir Xasıyevdir. Nadir müəllimlə müsahibə fikri bu yaxınlarda izlədiyim " Qısqanc Ürək"lər tamaşasından sonra  məni düşündürməyə başlamışdı. Səbəbini isə tamaşanı izləyənlər daha  yaxşı bilər. Ancaq bilməyənlər üçün xırda bir haşiyə açaq .Nadir müəllim  səhnədə   " Arşın Mal Alan"  tamaşasının  Soltan bəyi qiyafəsini soyunub, 27 yaşında gənc bir  həkimin xalatını geyinə bilən və bu   obrazın inandırıcılğını itirmədən ifa edən məharətli aktyordur.

 Nadir Xasıyevlə qiyabən tanış olsaq da onu daha yaxın tanımaq üçün həmsöhbət olmağa ehtiyac var idi

 

  1961-ci ildə Ağsu rayonu Bico kəndində anadan olmuşam. 1979-cu ildə Bico kənd orta məktəbini bitirəndən sonra sənədlərimi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili-komediya fakültəsinə verdim.

1984 –cü ildə universiteti bitirmişəm.Tələbə olduğum illərdə Opera və Balet teatrında çalışmışam. İnstititutu bitirən ili şəhərdə qeydiyyatım  olmadığı üçün təyinatla Sumqayıt Dövlət Musiqili Dram teatrına təyin olundum .Orada dramatik aktyor kimi çalışmağa başladım.  C.Məmmədquluzadənin "Ölülər" tamaşasında İsgəndər, N.Hikmətin "Bayramın birinci günü" tamaşasında Camal, "Qınamayın məni" tamaşasında Sərkar və başqa obrazları  ifa etdim. 10 ilə yaxın bu teatra işlədim.  "Subaylarınızdan görəsiniz" tamaşası  göstəriləndə mərhum bəstəkarımız Süleyman Ələsgərov da premyerada iştirak edirdi. O, bu əsərin müəllifi idi. Onda o, mənə dedi ki, "Sən necə olub ki, bu teatra gəlmisən, sənin yerin Musiqili Komediya Teatrıdır".  Süleyman Əsgərovun və Yusif Əkbərovun tövsiyyəsi və məsləhəti ilə gəldim Musiqili teatra.

   Hal-hazırda elə  Azərbaycan Musiqi teatrında çalışıram, eyni zamanda Azərbaycan Dövlət İncəsənət Universitetində " Estrada və musiqili teatr aktyorluğu" kafedrasının müəllimi kimi çalışıram.


 

Ancaq mənim bildiyimə görə ilk çalışıdığınız " teatr " ananızın təndirxanası olub...

   Çox şablon bir cümlə olsa da mənim incəsənətə meylim lap uşaqlıqdan var idi.  Biz tərəflərdə təndirin ətrafı  doldurulduğundan səhnəni xatırladırdı. Mən də ərsini o torpağa basdırıb ondan mikrofon kimi istifadə edərdim.Sonra ailəmə dedilər ki, bu uşağın səsi var. Mən də müsabiqələrə qatıldım və beləliklə də bu gün də istədiyim peşənin sahibiyəm.

 

Musiqi təhsiliniz də var .

Bəli Bakı Musiqi Akademiyasında təhsil almışam. Təhsilimi bitirdikdə sonra yenidən teatra qayıtdım. Əslində elə bu təhsilə də teatra və işimə olan sevgimə görə ehtiyac duymuşdum . Bizim teatr aktyordan yüksək   aktyorluqla  yanaşı vokal ifaçılığı da tələb edir.

 

Aktyorluğa , teatra  bu qədər dəyər verirsiniz,  30 ildən artıqdır da  ki bu sənətdəsiniz və layiqincə  təmsil edirsiniz  . Nəticə ?

Nəzərdə tutduğunuz  fəxri adlardırsa  hələ  o nəticə yoxdur. Dövlət tərəfindən aldığım ən böyük mükafat ötən il mənə  " Respublikanın fəxri mədəniyyət işçisi"  adı verilməsidir.Digər fəxri adlara nisbətdə kiçik bir ad olsa da bir dəyərdir. Əsas nəticə isə tamaşaçı sevgisidir.

 

Fəxri ad almağa sənət təsir edir yoxsa fəxri ad almaq sənətə təsir edir ?

Ümumiyyətlə gördüyün işin müqabilində ad almaq o sənətdə bir fərqlənmədir. Ola bilər ki, ad almayanlar arasında ad alanlardan daha istedadlı insanlar olsun ancaq gəlin etiraf edək ki, fəxri ad almaq bir nüfuzdur. Bu adları alan sənətkarların  güzəştləri də fərqlidir, həm cəmiyyətdə  həm də adicə bir məclisdə yerləri də fərqli olur. Hər nə qədər istedadlı olursan ol fəxri ad alan aktyor səndən səhnədə bir addım öndədir.Bunu etiraf etmək lazımdır.

 

Sizin üçün xüsusi önəm daşıyan bir tamaşa varmı?

Mən 90-cı   illərdə  "O olmasın, bu olsun '' tamaşasında Sərvəri  oynamışam.İllər keçdi  həmin tamaşada  Həsənqulu bəyi  oynadım .Yenə illər keçdi  Rüstəm  bəyi oynadım . Üstəlik  bu rolla 2010- cu ildə Tehranda   Beynəlxalq "Fəcr"  teatr festivalında iştirak etmişəm ,Arzum budur ki, yaxın zamanlarda Məşədi İbadı oynayım. Düzdür,  bəlkə indi bunu məndə görmürlər amma inşallah nə vaxtsa oynayacam bu rolu. Sizlər də izləyəcəksiniz


 

 Oynamağı arzuladığınız tək rol Məşədi İbaddır ?

Yox tək Məşədi İbad  deyil. Mən oynayacağım rollardan Məşədi  İbadı dedim , ona görə ki o obrazı həm oynamaq lazımdır həm də oxumaq

 

Niyə sizin iştirakınız olan tamaşalarda   illər əvvəl oynadığınız gənc obrazlarını hələ də  siz oynayırsınız ? Bu sizdə daha uğurlu alındığı üçün sizə həvalə  olunur yoxsa ayrı bir səbəb var?

Yox bizim  teatrda yetərincə gənc və istedadlı aktyorlar var  və bir çox tamaşalarda   rol alırlar.  Amma bəzi tamaşalar illərdir oyanılır , mən də o tamaşalarda  öz rolumu oynayıram.Nə vaxtsa bu obrazlarda məni əvəz edən  biri olsa mən estafeti ona verəcəyəm. Əlbəttə, bu tədricən olur. Mən də yaşımdan kiçik rolları oynamaq istəmirəm. Amma hal-hazırda repertuarımızda olan tamaşalarda  mənim ifamda təkcə gənc obrazlar  deyil . " O olmasın , bu olsun" tamaşasında Rüstəm bəy, "Milyonçunun dilənçi oğlu"nda  Milyonçu  rolları da mənə həvalə olunub

 

Eyni anda fərqli yaşlardan olan obrazları, üstəlik müxtəlif xarakterli obrazları oynamaq sizin öz xarakterinizə necə təsir edir?

Rollar dəyişir insan dəyişə bilmir. Aktyor xüsususən eyni  xarakterli rollarda  çox uzağa qaça bilmir. 

 

Bəs rolunun təsirinə düşənlər ?

Ən böyük sənət səmimiyyətdir. Mən Yunis İmrəni, Mövlanəni oxumağı çox sevirəm.Bilirsiniz niyə bunu deyirəm ? Çünki onları oxuduqca insan daha səmimi olmağa meyilli olur.Mən də səmimi olmağa çalışıram.

 

 

Bu yaxınlarda Fransada da olmusunuz.

Bəli. Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" tamaşası ilə getmişdik. "Arşın Mal Alan" ın  100 illiylə bağlı. Mən Soltan bəy obrazını oynayırdım. Orda müxtəlif türk  xalqlarıınn teatrları iştirak edirdi və tamaşalar da həmin xalqların öz dilində oynanılırdı.Tamaşadan sonra təşkil olunan ziyafətdə bir masa başında yan -yana əyləşdiyimiz TÜRKSOY-un prezidenti  Düsen Kaseinov  Soltan bəy rolunun ifaçısı kimi qarşısında daha yaşlı birini gözləyirmiş. Ona görə də  o aktyorun mən olduğumu anlamamış və ətrafdakılardan " Soltan bəy hanı ?" -deyə soruşmuşdu.  Ona həmin aktyorun Nadir Xasıyevdir dediklərində təəccüblənmişdi

 

 

 Necə düşünürsünüz, sizin yaradıcılığınız Hacıbaba Bağırov zamanı və sonrası deyə  mərhələyə  bölünməlidirmi ?

  Mən Hacıbaba müəllimdən öncə Siyavuş Aslanla da çalışmışam.Siyavuş Aslan bizim bədii rəhbərimiz idi. Birlikdə xeyli rollarımız olub. Biri var  eyni səhnədə olmaq, biri də var  bir səhnədə iki qüvvə yaratmaq .. Bizim tamaşalar xarakter etibarı ilə əsas qəhrəmanlar və xarakterik qəhrəmanlar deyə iki cəbhə yaradır.  Bəzən tamaşada iki qəhrəman olubsa birini Siyavuş Aslan canlandırb, digəri də mənim öhdəmə düşüb. Mən də xoşbəxt aktyorlardanam  ki , Siyavuş Aslanla  qarşılıqlı oynamışam.

  Amma sözsüz ki, mənim yaradıcılığımın böyük bir qismində  Hacıbaba Bağırovun rolu xüsusi  əhəmiyyət kəsb edir. "Məhəbbət oyunu", "Nəğməli Könül", "On min dollarlıq kef" , "Hələlik" və başqa tamaşalarda tərəf müqabili olmuşuq. Bu gün də göz önündə olan tamaşalarımız elə Hacıbaba Bağırovla birlikdə  çalışdığımız tamaşalardır. Qeyd etdiyiniz mərhələyə gəlincə isə etraf etmək lazımdır ki, onun teatrda olmağı tamam ayrı bir güc idi. Onun şəxsiyyəti , yaradıcılığı bir məktəb sayılırdı.

 

 

 

Əvvəllər sanki teatrda  Hacıbaba Bağırovun bir  komandası var idi ki , həmin tərkibdə siz də daxil  idiniz. Demək olar  bütün tamaşalarda aparıcı qüvvə kimi bu komandanın üzvləri iştirak edirdi .

 Komanda deyəndə ki, teatrın direktoru və bədii rəhbəri olduğu üçün ayrı seçkiliyə imkan verilmir.Ancaq təbii ki, bəzi tələblər qoyulur ki , o tələblərə cavab verən aktyorlar da teatrda əsas qüvvə hesab olunur. Bu bütün teatrlar üçün səciyyəvidir.

 

 

Bəs seriallara necə, dəvət alırsınızmı ?

Bəzən olur epizodlara dəvət alıram ancaq uzun müddətli bir serial təcrübəm olmayıb.

 

 Yüksək təhsil alan profesional aktyorların göz önündə az olması,  qeyri peşəkarların daha çox görünməsi njədən irəli gəlir  ?

   Bəzən  ciddi sənətin təbliğinə bir o qədər əhəmiyyət verilmir. Əvəzində gəlir gətirən daha daha dəqiqi əyləncə sektoraları təbliğ olunur. Ona görə də bu insanlar  ciddi sənətlə məşğul olanlardan daha çox tanınırlar.

 

Bu gün bəzi  aktyorların teatrdan,  filmdən daha çox əyləncə məkanlarından tanınması bu səbəbdəndir yoxsa  maddi ehtiyacdan?

   Bu məcburiyyətdəndir. Düzdür yaxşı hal deyil amma ailəni möhtac etmək daha ağır bir  məsələdir. Hansı sahənin adamı olursa olsun.

 

 

Bəs siz ?

Mən özüm də məclislərdə oluram. Aparıcı kimi bir çox məclisi idarə etmişəm.Məclisi idarə etmək heç də aktyorluqdan asan deyil. Poeziyanı bilmək insanları ələ almağı bacarmaq, onların marağını və diqqətini çəkmək və bütün  bunları edərkən  öz sənətini qorumağı bacarmaq lazımdır   Əyləncə xarakterli işlərlə məşğul olmaq, lətifələr danışıb kimisə əyləndirmək  isə mənim işim deyil.

Səsinizi teatrdan başqa istiqamətlərdə istifadə etməyi  düşünmüsünüzmü ?

Əsla. Mənim təhsilim buna imkan vermir. Mən özümü həmişə böyük səhnədə görmüşəm, özümü heç vaxt o istiqamətdə görməmişəm. Düşüncə olaraq da bu fikir mənə yaddır.

 

İncəsənət işçisi olmaq   niyə çətindir ?

Çünki  göz önündə olan insanlardır. Yaxşısı da, pisi də daim müzakirə mövzusudur.Ona görə də sənətkarın nə ailəsində nə sənətində doğru- düzgün olması vacibdir. Bəzən gördüyü işin müqabilində gözlənilən dəyəri də almaya bilər. Sevgi qədər nifrət də qazana bilər. Amma  buna rəğmən sənətini həmişə uca tutmalı və ləyaqətinin tapdanmasına imkan verməməlidir

 

Sənətin bu yönlərini görən biri övladlarının incəsənətə gəlməsinə  niyə imkan verdi ?

    Bilirsiniz mən özüm müəllim ailəsində doğulmuşam.Ailəmizdə az qala hər kəs müəllimdir. Məndən də müəllim olmağım gözlənirdi ancaq mən öz istəyimin göstərdiyi istiqamətdə irəlilədim. Təbii ki, o müəllim  tərbiyyəsinin məsuliyyəti altında. Mən  də atamdan gördüyümü övladlarıma aşılamışam.Onların da doğru yoldan çıxmayacaqlarına bilirəm və arzulayıram.Ancaq  onlar gözlərini açıb məni görüblər,  hər bir övlad kimi atalarına oxşamaq istəyiblər. Məni səhnədə görüblər tamaşa xoşlarına gəlib,  səhnədə  ifa etmişəm, musiqi xoşlarına gəlib və bu yolla getməyə meyilli olublar. Yadımdadır kiçik oğlum Elayın 2 yaşı var idi .Mən onu özümlə  teatrda məşqə aparmışdım. Məşq zamanı birdən Elay ağlayıb səhnəyə, yanıma qaçdı. Orkestr isə  çalmağa  davam edirdi.  Sanki bayaq ağlayan uşaq o deyilmiş kimi , başladı  musiqinin müşayiəti ilə səhnədə oynamağa. Onlara tək təsirim budur -aktyor  bir ata .

Mən onların istəyinə qarşı çıxıb, başqa istiqamətə yönəldə bilməzdim..

 

Övladarınızdan söz açmışkən  bəlkə elə onlarla davam edək.

 

Üç oğlum var. Böyük oğlum Səməd  aktyordur.  Ortancıl oğlum Tural tar üzrə orta ixtisas məktəbini bitirib ancaq səhhəti ilə əlaqədar olaraq əmək fəaliyyəti ilə məşğul olmur .Kiçik oğlum Elay isə Azərbaycan televizyasında müğənni kimi çalışır. Hərəsinin özünə məxsus xarakterləri var. Adətən , böyük uşaqlar daha ciddi olurlar, ata ilə münasibətdə də bu özünü göstərir. Arada pərdə mütləq olur. Elay isə daha sərbəst olub.

 

Son olaraq teatrın gələcəyinə inanırsınızmı?

 İnandığım üçün müəllimlik edirəm.