Elektron imza istifadəçiləri üçün tam təhlükəsiz E-şifrələyici proqramı

15 May 2014 16:07 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron xidmət sahəsində yeni addım atıb. Movqe.az xəbər verir ki, Microsoftun (MS) Windows əməliyyat sistemləri üçün nəzərdə tutulmuş yeni E-şifrələyici proqram təminatı istifadəçilərə təqdim edili. Bu proqramın köməyilə informasiyanın təhlükəsiz şəkildə mübadiləsi təmin olunur.E-şifrələyici proqramı açıq açar kriptoqrafiyasına əsaslanaraq hazırlanıb. Açıq açar kriptoqrafiyanın bir növü olan asimmetrik şifrələmə əməliyyatından proqram yazılarkən istifadə olunub. Asimmetrik şifrələmə prosesi zamanı açar cütündən : açıq açar və gizli açar istifadə olunur. Bir-biri ilə bağlı olan açarlar şəxsiyyətin kimliyini autentifikasiya etmək üçün yararlıdır. Açıq açar vasitəsilə şifrələnən məlumat yalnız həmin açara bağlı olan gizli açar vasitəsilə deşifrələnə bilər. Son zamanlar informasiyanın təhlükəsiz şəkildə ötürülmə problemlərini nəzərə alaraq yaradılan E-şifrələyici proqramı Milli Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatı ilə imzalanmış sənədlərin mubadiləsini təmin edir. E-şifrələyici proqramı informasiyanın iki şəxs arasında təhlükəsiz mübadiləsi üçün istifadəyə verilib. Rahat və funksional istifadəyə malik proqram MS Windows platformasında istifadə üçün nəzərdə tutulub. E-şifrələyici proqramı Visual Studio ortamında C# proqramlaşdırma dilində hazırlanıb. Microsoft .Net Framework 3.5 və ondan daha yuxarı versiyaları dəstəkləyir. Şifrələmə prosesi AES simmetrik şifrələmə və RSA asimmetrik şifrələmə alqoritmlərindən istifadə ilə həyata keçirilir. İstifadə üçün elektron-imza kartı, smart kart oxuyucu və internetə məhdudiyyətsiz çıxış tələb olunur. E-şifrələyici proqramı elektron imza kartı vasitəsilə açılır. İstənilən şəxsin sertifikatı vasitəsilə şifrələnən imzalanmış sənədi, yalnız həmin şəxsin elektron imza kartı vasitəsilə açmaq mümkündür. Bu bir daha üçüncü şəxsin sənədə baxa bilməməsini və informasiyanın təhlükəsiz mübadiləsini göstərir. Proqram və onun istifadə təlimatı www.e-imza.az saytında verilmişdir.