İstifadəsiz qalan milyonlarla dollarlıq avadanlıqlar

16 May 2014 08:10 (UTC+04:00)

"Bir neçə il ərzində Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həm Azərbaycan Milli Elmlər Akademiyasına, həm də ali təhsil müəssisələrinə alınan çoxlu sayda bahalı avadanlıq və cihazlar bəzən tam şəkildə istifadə olunmur". Bunu AMEA prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib. Akif Əlizadə əlavə edib ki, həmin cihazların istifadəsi çox mürəkkəb olduğu üçün onları lazımi mühəndislə təmin etməkdə problemlər var. Təbii ki, sözügedən problem təkcə AMEA-da özünü göstərmir. Bu gün bəzi bölgələrdə inşa edilən və ən müasir tibbi avadanlıqla təmin edilən tibb mərkəzlərində də bu kimi avadanlıqlardan tam istifadə üçün kadr çatışmazlığı hallarına rast gəlinir. Bəzi sahələr üzrə də eyni sözləri söyləmək mümkündür. Bu isə həmin avadanlıqların alınmasına sərf olunan böyük həcmdə pulların da hələ ki, səmərəsiz sərf olunması fikrini yaradır. Çünki həmin avadanlıqların alınmasına milyonlarla dollar vəsait sərf olunur.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev buna səbəb kimi əsasən kadr çatışmazlığını görür: "Bu gün AMEA-nın, müxtəlif nazirliklərin, universitetlərin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, lobaratoriyalarına avadanlıqların alınması aktual olan məsələsidir. Bu avadanlıqların ölkəyə gətirilməsi zamanı əlavə dəyər vergisindən azad olunub və digər vergilərdə güzəşt tətbiq edilir. Məqsəd ölkədə aparılan elmi-tədqiqatların səviyyəsinin artırılmasına yönəlib. Amma bu gün ölkəyə gətirilən elmi-tədqiqat cihazları çox zaman təyinatına uyğun istifadə oluna bilmir. Bunun da bir neçə səbəbi və səbəblərin də tarixi kökü var. Tarixi kökü ondan ibarətdir ki, Azərbaycanda əvvəllər SSRİ-nin tərkibində olduğu zaman alimlər tədqiqat apararkən sosialist ölkələrin elmi tədqiqat mərkəzləri ilə əlaqəli işləyirdilər. Həmin ölkələrdə təchizat da paralel şəkildə aparılırdı. Bir növ elmi yeniliklərin mübadiləsi həyata keçirilirdi. Amma SSRİ dağıldıqdan sonra həm keçmiş sovet öklələri , həm də sosialist tipli xarici ölkələrlə əlaqələr kəsildi. Həmin dövrdə elmi tədqiqatlada xaricdən əlaqələr kəsilərək ölkə daxilində aparılmağa başladı. Bununla yanaşı, sonrakı tədqiqatlar da mövcud köhnəlmiş avadanlıqların və ya müxtəlif əyani vəsait olmadan kitabların üzərində aparılıb. Hazırda isə Azərbaycan Avropaya inteqrasiya yolunu seçib. Müxtəlif elmi-tədqiqat mübadilə proqramları həyata keçirir. Ancaq buna baxmayaraq, alimlərimiz beynəlxalq elmə inteqrasiyada geridə qalır. Bunun da əsas səbəblərindən biri dil problemidir. Yəni, ingilis, alman, yapon və s. beynəlxalq dillər tələb olunur. Yeni elmi nailiyyətlərin oxunulub-öyrənilməsində də dil problemi özünü göstərir. Əvvəlki yanaşma ilə müasir yanaşmanın fərqliliyi də elmi mübadilədə problem yaradır. O cümlədən, elmlə məşğul olan insanlarımız elmi tədqiqatlar üçün ölkəmizə gətirilən texnologiyaların mənimsənilməsində, onun üzərində tədqiqatların aparılmasında çətinliklərlə üzləşirlər. Çünki, bu gün Azərabycanda elmlə məşğul olanların əksəriyyəti yaşlı insanlarıdır. Yəni, əvvəlki texnologiyaya öyrəşmiş insanlardır. Yeni texnologiyanı öyrənmək onlarda çətinlik yaradır. Ona görə də elmi tədqiqatlarda mütəxəssislərin gəncləşməsinə böyük ehtiyac var. Amma gənclərin elmə meyl etməmələrinin bır sıra səbəbləri mövcuddur. Burada əmək haqqı, elmlə məşğul olanların sosial təminatı məsələləri açıq qalıb. Odur ki, gənclərimiz daha çox qısa zamanda pul gətirən sahəyə meyllənirlər. Gənc kadrların elm sahəsinə gəlməsi üçün stimullaşadırıcı addımlar atılmalıdır. Onların elmi ad qazanması çərçivəsində müdafiə işlərinin asanlaşdırılması vacibdir. Həm də belə insanlara elmdə irəliləməsi üçün geniş imkanlar yaratmaq lazımdır. O cümlədən ölkəyə gətirilən müasir tədiqat cihazlarının öyrənilməsi üçün həmin kadları treninqlərə cəlb etmək vacibdir. Lazım gələrsə, kadrlar xaricə göndərilməlidir. Həmçinin də elmi mübadilə proqramlarına ciddi diqqət artırılmalıdır. Xüsusən də xarici elmi-tədqiqat proqramlarının ölkəmizdə təbliğatı genişlənməlidir. Belə olduğu halda əldə olunan cihazlar sərgi salonunu xatırlatmayacaq".