İstirahətə gedənlərin sığorta olunması zərurətə çevrilir

15 May 2014 18:16 (UTC+04:00)

Havalar istiləşdikcə hamını maraqlandıran məsələlərdən biri də yay istirahətini necə keçirəcəyidir. Elə indidən istirahət mərkəzlərinə axın başlayır. İstirahətin harda gəldi təşkili isə bəzən baha başa gəlir. Elə ötən il balaca İmran Cəfərzadənin başına gələnləri xatırlamaq kifayətdir. İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürərək Almaniyada müalicə etdirdi. Belə bədbəxt hadisələrini qaçılmaz olmasını və hər zaman təkrarlanma ehtimalını nəzərə alsaq, dövlətin də hər dəfə müalicə xərclərini öz üzərinə götürə bilməyəcəyini demək olar. Ekspertlərin fikrincə, belə hallardan çıxış yolu sığortalanmaqdır. Söhbət sağlamlıq sığortasından gedir. Bu halda sağlamlığa dəyən ən kiçik ziyan da bu sığorta növü vasitəsilə qarşılana bilər. Mütəxəssislər insanların fərdi sağlamlıq sığortasının bağlanmasından əlavə, istirahət mərkəzlərinin də məsuliyyət sığortasına malik olmalarını vacib sayırlar.

Belə ki, sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Movqe.az-a açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi otel və istirahət mərkəzlərinə lisenziya verərkən onların məsuliyyət şəhadətnaməsini şərt kimi qoymalıdır: "İstirahət mərkəzlərində təhlükəsizliklə bağlı qaydalar qanunla tənzimlənməsə belə, istirahət mərkəzləri, otellər, xüsusən də şəhər kənarındakı insanların ən çox istirahət etdiyi obyektlərin hər biri müştərilər qarşısında öz məsuliyyətlərini sığortalamalıdırlar. Mən hər cür icbari sığortanın əleyhinəyəm. Düşünürəm ki, insanlar sığortaya təkamül yolu ilə getməlidirlər. Məcburi şəkildə olmaz. Ammma hər bir halda, mən belə hesab edirəm ki, həmin o istirahət mərkəzlərinə Mədəniyyət və Turizm Nazirliyi müəyyən lisenziya və ya icazə verən zaman onlardan sığorta şəhadətnaməsi tələb etməlidir. Bu, həmin obyektin orda istirahət edən insanlar qarşısında məsuliyyət sığortasıdır. Həmin o ərazidəki insanların əmlakına və ya öz sağlamlığına istirahət mərkəzinin təqsiri və ya səhlənkarlığı ucbatından zərər dəyərsə, onlar öz məsuliyyətlərini müəyyən miqdarda sığortalamalıdırlar. Bu, müxtəlif miqdarda ola bilər. Böyük Britaniyada istirahət mərkəzlərinin, otellərin hər biri məsuliyyətlərini ən azı 10 milyon funt-sterlinqə sığortalayırlar. Müştəri hər hansı bir istirahət və ya ticarət mərkəzinə yaxınlaşıb görəndə ki, həmin müəssisə məsuliyyətini başqa şəxslər qarşısında sığortalamayıb, onun qapısından içəri girmirlər belə. Çünki, bilirlər ki, orda başlarına bir iş gəlsə, bunun xərcini heç kim qarşılamayacaq. Ona görə də bu kimi mərkəzlər, obyektlər qapılarının önünə və yaxud da qəbul otaqlarına hər kəsin görə biləcəyi yerdə müəssisənin sığortalandığını göstərən şəhadətnaməni asırlar ki, müştərilər bunu görüb ürəkli şəkildə ora daxil ola bilsinlər. Eyni şey bizdə olmalıdır. Balaca İmranın hadisəsində ölkə rəhbəri böyük diqqət göstərdi və onu müalicə etdilər. Amma belə hallar təkcə İmranın başına gəlmir. Belə onlarla, yüzlərlə hal baş verə bilər. Əslində, baş verir də. Sadəcə, hamısı üzə çıxarılıb işıqlandırılmır. Gizli qalır, statistikada da göstərilmir. Bu təhlükələrdən qorunmaq üçün yalnız bir yol var ki, o da istirahət mərkəzlərinin, otellərin, restoranların öz müştəriləri qarşısında mülki məsuliyytlərini mülki şəkildə sığortalamasıdır".

Digər ekspert Mustafa Abbasbəyli isə fərdi qəza sığortasını tövsiyyə edir: "Sağlamlıq sığortası bizdə bir qədər qəliz məsələdir. Lakin bunun yerinə fərdi qəza sığortası var və tövsiyə olunur. Yəni, şəxs istirahət etdiyi müddətdə bir neçə günlük fərdi qəza sığortası əldə edir. Həmin müddətdə hər hansı qəza baş verirsə, sığorta şəhadətnaməsi müqabilində müvafiq ödənişlər alır".

Mustafa Abbasbəyli də istirahət obyektlərinin məsuliyyət sığortası məsləsinə toxunub: "Bizdə bundan əlavə olaraq istirahət mərkəzlərinin də məsuliyyət sığortasının olması yaxşı olardı. Bununla vətəndaşların, orda istirahət edən şəxslərin hər hansı sığortası olub-olmamasından asılı olmayaraq, obyektin, istirahət mərkəzinin təqsiri ilə hər hansı bir hadisə baş verərsə, bu halda məsuliyyət sığortasının çərçivəsində pul ödənilə bilər".