Azərbaycana qarşı daha bir qərəz

16 May 2014 08:34 (UTC+04:00)

"Human Rights Watch" təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatı həmişəki kimi qərəzli olması ilə seçildi. Təkrar motivlər üzərində qurulan hesabtın birtərəfli hazırlanması ilk baxışdaca görünür. Məsələn, müxtəlif maddələrlə həbs olunan və konkret cinayət törədən şəxslər siyasi məhbus adı altında göstərilir. Bildirək ki, hesabatın Azərbaycanın Avropa Şurasında Nazirlər Kabinetinə sədrlik etdiyi bir dövrə təsadüf edir. Bəzi ekspertlər isə hesab edir ki, bu kimi təşkilatların məqsədi Azərbaycanla Qərb arasında olan münasibətlərə xələl gətirməkdir. Məsələn, millət vəkili Asim Mollazadənin sözlərinə görə, bu kimi təşkilatlar Azərbaycanla Qərb arasında olan münasibətlərə xələl gətirmək istəyirlər: "Biz burada erməni diasporunun fəallığını və digər qurumların ölkəmizə qarşı səylərini görürük. Biz başlıca olaraq bilməliyik ki, bu hesabatlardan ən çox istifadə edən məhz erməni diasporu və işğalçı Ermənistan dövlətidir. Təbii ki, onların Azərbaycana qarşı digər vasitələrlə təzyiq göstərmək imkanları az olduğuna görə, bunlar çalışırlar ki, hər bir fürsətdən istifadə edərək ölkəmizlə Qərbin, Avropa Birliyi ilə ABŞ-ın münasibətlərinə xələl gətirsinlər".

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev isə bildirdi ki, siyasi proseslərdə həm daxili, həm də xarici vəziyyətlə bağlı Azərbaycan dövləti üçün gərgin vəziyyət yaratmaq istəyənlər qüvvələr daim olub: "Sanki planlama aparırlar, bir koordinasiya qururlar. Konkret olarq, son günlərlə bağlı vəziyyətə diqqət edəndə görərik ki, "Human Rights Watch" bir tərəfdən başlayıb, Leyla Yunus məsələsi digər tərəfdən qalxır, Rauf Mirqədirov ordan xəyanət edir. Bunlar sanki bir şəbəkədirlər. Hətta "5-ci kolon"un nümayəndələri arasında belə aktivləşmə var. Bunlar xarici himayədarları tərəfindən koordinasiya olunmuş hadisələrdir. Eyni zamanda "Human Rights Watch"un da bu sahədəki fəaliyyəti nəzərdən qaçmamalıdır. Ancaq bu təşkilat nədir və ya kimdir? Təşkilat hər zaman Azərbaycan müxalifətinin təbliğat ruporu kimi iştirak edib. Sanki "Human Rights Watch"un çörəyi Azərbaycan iqtidarını tənqid etməkdən keçir. Ümumiyyətlə, "Human Rights Watch"un bütün bəyanatları konkret olarq Azərbaycan ilə bağlıdır. Yəni, "Human Rights Watch" heç Qafqazda olan digər dövlətlərlə bağlı nəsə etmir. Onu yalnız Azərbaycan üçün yaradıblar. Hesabatını oxuyanda sanki Azərabycanın radikal müxalif qəzetini oxuyursan".

Partiya sədri əlavə etdi ki, Azərbaycanda insan hüquqlarından danşılırsa, Dağlıq Qarabağ və həmin savaşda hüquqlar ıpozulan 1 milyon qaçqınımızdan, məcburi köçkünümüzdən də danışmaq lazımdır: "İnsan hüququndan danışılırsa, BMT-də icrasız qalan qətnamələrdən danışılmalıdır. İnsan hüquqlarından danışılırsa, bu gün dünyada gedən bir çox proseslərdən danışmaq olar. Liviyada, Suriyada gedən müharibələrdən söz açmaq olar. Elə qonşu Ermənistanda dalbadal seçki prosesində olan pozuntuları demək mümkündür. Artıq "Human Rights Watch" adı çəkilirsə, biz haqlı olaraq Azərbaycan müxalifətinin üzərinə gedirik. Əslində, biz müxalifət üzərinə yox, radikal müxalifət üzərinə gedirik. Beynəlxalq təşkilatların bəziləri də sanki Azərbaycanda ara qarışdırmaq üçün yaradılmış təbliğat ruporlarıdır. Bunlar radikal müxalifətin sanki beynəlxalq filiallarıdır".

Elşən Musayev onu da qeyd etdi ki, həmin təşkilatların ofisini tapmaq mümkün deyil: " "Human Rights Watch" da ki, Azərbaycanı tənqid etməsə, çörəyi olmur. Ona görə də xüsusi ilə Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etdiyi bir dövrdə dünyaya səs salmaları gözlənilən idi. AŞ-nı Azərbaycana yönəltməyə cəhdlərdir. Amma dünya çörəyi qulağına yemir. Dünyanın faktiki olaraq, Azərbaycan siyasətində hansı proseslərin baş verdiyindən xəbəri var. Ona görə də bu cür xırda təşkilatların fəaliyyəti üərəkbulandırmadan o yana keçə bilməz".