Avropa Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdi
17 May 2014 10:37 (UTC+04:00)
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iyunda
Azərbaycana səfər edəcəyini bildirib. Joze Manuel Barrozu bildirib
ki, bu, Cənubi Qafqaz səfəri deyil: "Çünki Ermənistana getməyəcəm.
Azərbaycana, Gürcüstana və Moldovaya səfər edəcəm. Azərbaycanda
təkcə enerji deyil, bir çox digər məsələlər müzakirə olunacaq".
Səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif
sahələrdə əməkdaşlığın durumu, Azərbaycanın Avropa Qonşuluq
Siyasəti və "Şərq Tərəfdaşlığı" proqramlarında iştirakı,
Azərbaycanda demokratik və iqtisadi islahatlar, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanma prosesi və ən əsası isə Aİ ilə
təhlükəsizlik sahəsində məsələlər müzakirə mövzusu olacaq. Avropa
İttifaqının enerji sahəsi ilə bərabər, təhlükəsizlik məsələsində
Azərbaycanla iş birliyini gündəmə gətirməsi son aylar regionda
gedən siyasi və hərbi proseslərin fonunda gündəmə gəlməsi istisna
edilmir. Xüsusən də Ukraynada baş verənlərdən sonra Avropa
Azərbaycanlada təhlükəsizlik sahəsində əmkdaşlığını
genişləndirilməsində maraqlıdır.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri
Hatəm Cabbarlı hesab edir ki, təhlükəsizlik sahəsində Azərbaycanın
Avropa İttifaqı ilə əməkdaşlığı əslində, bir az gecikmiş məsələdir:
"Bu da daha çox Aİ-dən irəli gələn səbəblərə görədir. J. M
Barrozunun səfəri zamanı Aİ-nin Azərbaycan ilə təhlükəsizlik
sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin müzakirəyə
çıxarılmasını regiondakı hadisələrin fonunda dəyərləndirmək
mümkündür. Belə ki, Rusiyanın postsovet dövlətlərinə qarşı
siyasətində ciddi korrektələr etdiyi ərəfədə Aİ artıq Azərbaycanı
sadəcə enerji sahəsində əhəmiyyətli tərəfdaş kimi deyil, eyni
zamanda təhlükəsizlik sahəsində də ciddi perspektivi olan dövlət
olaraq görür. Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız hərbi sahədə
görmək məsələyə bir az dar çərçivədə baxmaq kimi dəyərləndirilə
bilər. Burada enerji təhlükəsizliyinin təmin edilməsi, regionda
cərəyan edən hadisələrə ortaq reaksiya vermək kimi məsələlər də
xüsusi qabardılmalıdır".
Politoloq qeyd etdi ki, Azərbaycn müstəqil bir dövlətdir:
"Ölkəmizin son 20 ildə Rusiya ilə təhlükəsizlik sahəsində ciddi
əməkdaşlığı var və davam edir. Ordumuzun silah təminatı əsasən
Rusiyadandır. Digər məsələlərdə də hər iki ölkə arasında əməkdaşlıq
hökm sürür. Ancaq bu, o demək deyil ki, Azərbaycan təhlükəsizlik
sahəsində təkcə Rusiya ilə əməkdaşlıq edə bilər. Azərbaycan eyni
zamanda bölgə əmin-amanlığına töhfə vermək üçün Aİ və digər
ölkələrlə də təhlükəsizlik sahəsində əməkdaşlığını inkişaf etdirə
bilər. Bu baxımdan Rusiyada milliyyətçi dairələrin Azərbaycanın Aİ
ilə təhlüksəzilik məsələsinə qısqanclıqla yanaşması gözləniləndir.
Amma bu, Rusiya dövlətinin Azərbaycana yönəlik görüşünü əks
etdirmir. Rusiya Aİ-Azərbaycan əməkdaşlığından ölkəmizə qarşı hər
hansı təzyiq vasitəsi kimi istifadə edə bilməz".
Digər politoloq Rasim Ağayev bildirdi ki, faktiki olaraq, Avrasiya
məkanı növbəti qarşıdurma şəraitindədir: "Yəni, Qərb keçmiş
postsovet məkanını özünə tərəf çəkməyə çalışır. Dirçəlmiş Rusiya da
ənənəvi regionları öz təsiri altında saxlamağa can atır. Nəticədə
qarşıdurma var. Bu nöqteyi- nəzərindən Avropanın təklif etdiyi
təhlükəsizlik proyekti Baltikyanı ölkələr, Ukrayna tərəfindən
müsbət qarşılanır. Amma buna Cənubi Qafqazda birmənalı münasibət
yoxdur. Gürcüstan NATO-nun üzvü olmaq üçün tam hazır olduğunu
deyir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) üzvüdür. Azərbaycan isə iki tərəfin arasında neytral mövqe
tutub. Ola bilsin ki, yaranmış vəziyyətdə yeganə yol elə məhz
budur. Ona görə də Barrozunun regiona növbəti dəfə gəlməsi o qədər
də asan olmayacaq. Bir müddət Rusiya Aİ qarşıdurması davam edəcək.
Bütün bu məsələlər Ukrayanada inkişaf edən hadisələrə bağlıdır.
Amma bütün hallarda Azərbaycanın Aİ ilə belə yaxınlığı olmadan da
Rusiyanın Avropa ilə münasibətləri lazimi qədər radikaldır".