Sabah 18773 nəfər həyəcan keçirəcək
17 May 2014 14:17 (UTC+04:00)
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci
tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta
təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə
qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas
qrupları üzrə qəbul imtahanı keçirəcək.
Movqe.az xəbər verir ki , TQDK-dan verilən məlumata görə, imtahan
respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz
şəhərlərində ümumilikdə 34 binada keçiriləcək.
İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə
imtahan verəcək.
Abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup
üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə
980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə
3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup
üzrə 1703 nəfər) isə qızlardır.
16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil
müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin
vətəndaşıdır.
Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı
ildəndir.
Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda
1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644,
Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin
imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3
saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini
- "İmtahana buraxılış vərəqəsi"ni
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən
test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da
"Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində
TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda
istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları
ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş
sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında
və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.