Məzunlar imtahan verir
18 May 2014 10:23 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu
gün 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin
məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı
keçirir.
Movqe.az xəbər verir ki , TQDK-dan verilən
məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan,
Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan,
Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçirilir.
İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb
olunub.
İmtahanda 18 773 abituriyentin iştirakı nəzərdə
tutulur. Onlardan 13 856 abituriyent I qrup üzrə, 4917 abituriyent
isə IV qrup üzrə imtahan verəcək.
16 810 nəfər orta ümumtəhsil məktəblərinin, 191
nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas
təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin
vətəndaşıdır.
Abituriyentlərdən 17 551 nəfəri (I qrup üzrə 12
876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222
nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus
bölməsinin məzunudur. Abituriyentlərin 11 923 nəfəri (I qrup üzrə
8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlan, 6850 nəfəri (I qrup
üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə
qızdır.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının
emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab
kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ
qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları)
ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini
ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin
nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron
ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin
ixtisaslarını seçə biləcəklər.