Somada həlak olanların dəfnindən sonra qarşıdurma (FOTO)
18 May 2014 10:25 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində bir qrup fəal Manisa vilayətində baş
vermiş mədən faciəsi ilə əlaqədar ötən gün də etiraz aksiyalarını
davam etdirib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sonuncu qəza
qurbanlarının dəfn mərasimindən sonra baş tutan etiraz aksiyasına
200-dən çox fəal qatılıb. Aksiya zamanı fəallar Taksim meydanına
soxulmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi isə
tərəflər arasında qarşıdurmalara səbəb olub. Polis təzyiqli su
şırnaqları və rezin güllələrlə aksiyanı dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı polis onlara müqavimət göstərən 9 nəfəri həbs
edib.
Faicə ilə əlaqədar rəsmilərin təhlükəsizlik xidməti məsələlərində
səhlənkarlığa yol verdiyi iddia olunsa da, hökumət bu iddiaları
qəti şəkildə rədd edir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın məsələyə
soyuq münasibət bəsləməsi ona və hökumətə qarşı qəzəb və nifrəti
daha da artırıb.
Mədən qəzasında həyatlarını itirən işçilərin yaxınlarına Çili
mədənçilərindən də mənəvi dəstək gəlib. 2010-ci ildə Kopyapo
şəhərində mədəndə baş vermiş partlayışdan sonra dağıntılar altından
sağ xilas olan Mario Sepulveda və oğlu qəza qurbanlarının
ailələrinə baş sağlığı verib.
"Dağıntılar altında qaldıqda çarəsiz olduğumu düşünürdüm, qəzəb
hissi məni boğurdu. İnsanların daha etibarlı və sülh mühitində
yaşaması üçün onların təhsil kimi minimum ehtiyaclarını ödəmək
lazımdır. Bu ehtiyacları qarşılamaq üçün insan bəzən risk etməli
olur. Türkiyədə baş verən hadisəyə görə dərin kədər hissi
keçirirəm. Düşünürəm ki, Türkiyədə mədənlərdə təhlükəsizlik
məsələləri ilə əlaqədar qanunlar dəyişməlidir", deyə mədənçi Mariyo
Sepulveda bildirib.
Qeyd edək ki, Soma rayonunda baş vermiş partlayış zamanı 301 nəfər
ölüb, qəzadan 485 nəfər xilas edilib.