Bosniyalılar ölkə tarixində ən böyük təbii fəlakətlə üz-üzə
18 May 2014 14:09 (UTC+04:00)
Bosniyalılar ölkə tarixində ən böyük təbii
fəlakətlə qarşı-qarşıyadır. Hökumət aramsız yağan yağışlar
nəticəsində baş vermiş daşqınların fəsadlarını aradan qaldırmağa
çalışır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
daşqınlar zamanı ölənlərin sayı 17-yə çatıb. Rəsmilər itkin sayının
dəqiq məlum olmadığını, lakin sular geri çəkildikcə meyidlərin
artacağını məruzə ediblər. Fövqəladə vəziyyətlə əlaqədar geniş
miqyaslı təxliyə işləri başladılıb. Xilasedicilər helikopter və
kiçik qayıqlarla suların əsarətinə qalanları təhlükəsiz yerlərə
köçürməyə çalışıblar.
Daşqınlar əsasən, ölkənin şimal-şərq hissəsində
təsirli olub. Burada minlərlə evi və yolları su basıb. Bir neçə
rayonda nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb.
İndiyə qədər 300-dən çox yerdə torpaq sürüşməsi baş verib. Onlarla
ev və avtomobil torpağın altında qalıb.
Rəsmilər sonuncu dəfə bu miqyasda daşqınların 120
il bundan əvvəl baş verdiyini bildirirlər. Məlumata görə, təbbi
fəlakət təxminən 1 milyon insana təsir edib.
Meteoroloqların məruzəsində isə, regiona son 3
gündə yağan yağışın 3 aylıq normadan da artıq olduğu qeyd
olunur.
Oxşar vəziyyət, eyni zamanda, Serbiyada da
yaşanıb. Paytaxt Belqradın qərb rayonlarında vəziyyət daha ağırdır.
Burada xilasedicilər suların əsarətində qalmış yüzlərlə insanı
xilas etməyə çalışıblar.