Krım tatarlarına məzarlıq
18 May 2014 14:02 (UTC+04:00)
Bu gün qara tarixlərini qeyd edən Krım tatarlarına
anım mərasimləri keçirməyə icazə verilmir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Krım hakimiyyəti tatarların deportasiyası ilə bağlı ənənəvi anım
mərasimindən öncə paytaxt Simferopolda kütləvi toplaşmalara qoyduğu
qadağanın qüvvədə olduğunu təsdiqləyib. Deportasiya qurbanlarının
xatirəsini anmaq üçün Krım tatarlarına yalnız şəhərdəki müsəlman
qəbirstanlığı yaxınlığında toplaşmağa icazə
verilib.
Krım hakimiyyəti mart ayında iyunun 6-dək
yarımadada hər hansı kütləvi aksiyaların keçirilməsinə qadağa
qoyub.
Krım prokurorluğu vəziyyətin gərginləşdiyi
təqdirdə Krım Tatarları Məclisinin ləğv ediləcəyi barədə
xəbərdarlıq edib.
Şənbə günü hakimiyyət şəhər mərkəzində aksiyanın
keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. Eyni zamanda krım
tatarlarına Simferopolun müsəlman qəbiristanlığında toplaşmaq
təklif olunub.
Krım Tatarları Məclisinin sədri Refat Çubarov
qadağaya rəğmən bir çox adamın Stalin deportasiyasının 70 illik
münasibətilə bağlı mayın 18-də paytaxt Simferopolda keçəcək
nümayişə qatılmaq fikrində olduğunu bildirib.
Krım ərazisinə girişinə qadağa qoyulan Krım
tatarlarının lideri Mustava Cəmilov özü anım tədbirlərində iştirak
edə bilməsə də, 18 may - deportasiya qurbanlarının anım günü
həmyerlilərini öz hüquqlarını qorumağa çağırıb. "Məclis
həmvətənlilərimizin təhlükəsizliyinə görə narahatdır, bu səbəbdən
anım tədbirlərinin rayonlarda keçirilməsinə dair qərar verilib.
Lakin mən düşünürəm ki, xalq istənilən halda Lenin meydanına
çıxacaq və bunu düzgün addım olacaq – insanlar öz hüquqlarını
qorumalıdır. SSRİ dövründə də bizə çox şeyi qadağan edirdilər", -
deyə deputat bildirib.
Rusiyanın insan haqları üzrə ombudsmanı Ella
Pamfilova Krım hökumətinin qərarını tənqid edərək bildirib ki,
qadağa problemin həllinə kömək etməyəcək.