Laçının işğalından 22 il keçir (FOTO)
18 May 2014 15:05 (UTC+04:00)
Laçın rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmasından 22 il ötür. Movqe.az xəbər verir ki ,
iyirmi iki ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər
və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı
yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun
Taxtakörpü ərazisində fəaliyyət göstərir.
Laçının ətrafında yerləşən rayon və yaşayış
məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq
ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən
hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək
ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi
Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki,
Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı
Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk
edib.
Bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48
sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142
səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2
avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət
göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət
edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox
yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz
qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri
və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub.
Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ
dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3
min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin
düşüb.
Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən
Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov
götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət
göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına
layiq görülüb.
İyirmi iki illik məcburi köçkünlük həyatı
yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan
laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın
milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün
ərazilərimiz düşmən tapdağından azad ediləcək.