"Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə uğurla inkişaf edir"
28 İyun 2012 14:44 (UTC+04:00)
"Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya
əlaqələri bütün sahələrdə uğurla inkişaf edir". Trend-in məlumatına
görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda cümə
axşamı öz işinə başlayan "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü
Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına
müraciətində deyilir. Dövlət başçısının müraciətini Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
oxuyub.
"Sizi - üçüncü Rusiya-Azərbaycan regionlararası
forumunun iştirakçılarını ürəkdən təbrik edirəm. Diqqətəlayiq
haldır ki, xoş ənənəyə çevrilmiş bu forum ikitərəfli əməkdaşlığın
aktual məsələlərinin müzakirəsi üçün effektiv tribunaya çevrilib",
- İlham Əliyevin müraciətində deyilir.
Prezident qeyd edib ki, iqtisadi, elmi-texniki və
humanitar sahələrdə əlaqələrin dərinləşməsi hər iki ölkənin
vətəndaşlarının rifahının yüksəlməsinə müsbət təsir göstərir,
xalqlarımız arasında tarixən yaranan dostluq əlaqələrini
möhkəmləndirir.
"Son illərin təcrübəsi göstərir ki, qonşu
dövlətlərin regionları arasında ticari-iqtisadi və investisiya
mühitinin yaranması dünyanın bir çox ölkələrinin üzləşdiyi qlobal
maliyyə böhranının mənfi təsirlərinin aradan qaldırılmasına kömək
edir. Bu mənada, Azərbaycanın və Rusiyanın regionlararası
əməkdaşlığı yaxşı nümunə kimi xidmət edə bilər. Məmnuniyyətlə qeyd
edirəm ki, hazırda respublikamız Rusiya Federasiyası subyektlərinin
əksəriyyəti ilə birbaşa əlaqələrə malikdir, onların bəziləri ilə
hökumətlərarası sazişlər imzalanıb", - Prezidentin müraciətində
deyilir.
İlham Əliyev forum çərçivəsindəki işgüzar əlaqə və
müzakirələrin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni
təkan verəcəyinə, ölkələr arasında gələcəkdə qarşılıqlı anlaşmanın
dərinləşməsinə və əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə
ümidvar olduğunu bildirib.