Bakı küçələri kodlaşdırılacaq (VİDEO)

18 May 2014 17:32 (UTC+04:00)
Artıq şəhərdə gəzəndə və ya ilk dəfə hansısa, ünvana qonaq gedəndə yoldan keçənlərdən ünvan haqqında məlumat almağınıza gərək olmayacaq. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, 2012-ci ildən başlayan müasir ünvan sisteminin tətbiqi və yeni qaydalarla ünvan vermə işləri davam etdirilir. Artıq paytaxtın bir çox küçə və prospektlərində yeni ünvan və məlumat lövhələri qurulub. Şəhər sakinləri də bu addımı yüksək qiymətləndirir.

Yeni sistemdə ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də əks olunacaq. 

Yeni qaydalara əsasən, küçə və prospektlər kodlaşdırılacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək.

Yaxın gələcəkdə isə respublika üzrə naviqasiya sisteminin qurulması nəzərdə tutulur.

Artıq yeni ünvan vermə qaydalarına uyğun olaraq, Bakı şəhərinin 1325, Sumqayıt şəhərinin 69, Gəncə şəhərinin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib.