Avropadakı azərbaycanlılardan Somaya başsağlığı (FOTO)

18 May 2014 18:38 (UTC+04:00)
Avropa Azərbaycanlıları Konqresi Türkiyənin Soma şəhərində baş vermiş qəza və faciə nəticəsində yüzlərlə insanın həlak olması ilə bağlı Türkiyə Respublikasının Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğluya, qardaş ölkənin Berlindəki baş konsulu Əhməd Başar Şenə, Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginə, türk diasporu nümayəndələri və mətbuatına başsağlığı məktubu ünvanlayıb.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Mayın 16-da Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginin dəvəti ilə görüş keçirilib. 

Görüşdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova, Köln şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev iştirak edib.
Samira Patzer-İsmailova konsulluqdakı xatirə güşəsinə tər çiçəklər qoyub, həlak olanların xatirəsini həmkarları ilə birlikdə yad edib.

Bu görüşdə Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı kitabına Azərbaycan diasporu adından hüzn sözləri qeyd edilib. Hüzn yazısında qeyd edilib ki, Somada baş verən ağır faciə və qəza nəticəsində yüzlərlə insanın həlak olması Türkiyənin qardaşı olan Azərbaycan xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən kədərləndirib. İki qardaş xalqın sevinci və kədəri həmişə bir olduğu kimi, bu gün də Avropada və Almaniyada yaşayan azərbaycanlılar türk qardaşlarımızın yanındadır.

Baş konsul Hüseyin Əmrə Engin Azərbaycan diasporu nümayəndələrini böyük həssaslıqla qəbul edib və bu diqqətə görə dərin təşəkkürünü bildirib.

Samira Patzer –İsmailova və Ağa Ağayev Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Mədəniyyət Evinin adından bir daha Türkiyə dövlətinə və türk xalqına, həlak olmuşların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib.