Dünya alimləri həyəcan təbili çaldılar (FOTO)
18 May 2014 19:03 (UTC+04:00)
Yuxu tələbatına laqeyd münasibət xəstəliklərə yol açır. Səhiyyə
ekspertlərinin qənaətincə, müasir cəmiyyət insan sağlamlığı üçün
yuxunun nə dərəcədə əhəmiyyətli olmasından xəbərsizdir və
ümumiyyətlə, bu məsələyə laqeyd yanaşır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Britaniya
mətbuatında Oxford, Cambridge, Harvard, Manchester və Surrey
universitetlərinin aparıcı alimləri yuxu çatışmazlığının insan
sağlamlığına ağır fəsadlar yarada bilməsi barədə xəbərdarlıq yer
alıb. Alimlər hesab edir ki, cəmiyyət və hökümət problemə ciddi
yanaşmalıdır.
Onların qeyd etdiyi kimi, yuxu çatışmazlığı xərcəng, ürək
çatışmazlığı, şəkər, piylənmə və bu kimi digər xəstəliklərin
yaranmasına gətirir.
Qeyd olunur ki, orqanizmin təbii ritmləri insan bədəninin normal
funksional fəaliyyətinə cavabdehdir: insanın emosional durumu,
sinir sisteminin, ürək-damar sisteminin, beyinin və digər mühüm
orqanların normal fəaliyyəti məhz həmin ritmlərdən asılıdr.
Bu xüsusiyyət insanlarda qədim dövrlərdən bəri təkamül nəticəsində
əmələ gəlib və günün işıqlı yarısında oyaq olmaq, qaranlıq düşəndə
isə yuxuya getmək kimi təbii instinktlər insanın normal həyat
fəaliyyətinin əsasını təşkil edir.
Lakin alimlər qeyd edir ki, təkamül nəticəsində insan orqanizminə
xas qaydada formalaşmış biloji saatın normal axarını müasir həyat
tərzi əksər hallarda pozur, insanları orqanizmin təbii ritmlərinə
əks olaraq yuxuya daha az vaxt ayırmağa məcbur edir.
Oxford Universitetinin profesoru Russell Foster deyir ki, son 60 il
ərzində insan yuxusu orta hesabla 1-2 saat qısalıb. O, deyir ki.
bioloji saatın əksinə olan həyat tərzi gec-tez özünü xəstəliklərin
yaranmasında göstərir. Professor Fosterin sözlərinə görə,
yeniyetmələr üçün yuxusuzluq artıq ciddi problemə çevrilib. O, özü,
yuxusuzluqdan əziyyət çəkən uşaqların yuxu həbləri qəbul etdiyinin
şahidi olduğunu qeyd edib.
Müasir texnologiyalar da insanların daha az yuxu almasına yol açır.
"Axşam düşəndə süni işıqdan, işıq lampalarından istifadə etmək
vərdişi insanın biloji saatını pozan əsas amillərdən biridir", -
Harvard Universitetinin professoru Çarls Cziisler (Charles
Czeisler) qeyd edir. Onun sözlərinə görə, işıq lampaları, smartfon,
planşet, laptop və bu kimi digər elektron cihazlar insan
orqanizminin təbii ritminin pozulmasında başlıca rol oynayır.
Bütün bu cihazların yaratdığı mavi rəngli süni işıq orqanizmin
yuxuya getməsini gecikdirir, nəticədə yuxu hormonu olan melatoninin
beyinə hərəkəti ləngiyir, bu isə səhər yuxudan oyanmağı
ağırlaşdırır.
Professor Çarls Czeisler, süni işığın üzun müddətli təsiri və
yuxusuzluq bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olduğunu
deyərək xəbərdarlıq edir. Alimin sözlərinə görə, insan geni
üzərində aparılmış son tədqiqatlar qısa yuxu və gecə növbəli işin
orqanizm üçün olduqca zərərli olduğunu təsdiqləyib.
Surrey Universitetindən doktorun təbirincə, yuxusuzluq və gecə
növbəli iş rejimi ürək-damar xəstəliklərinə, şəkərə, piylənməyə,
xərcəngə və bu kimi bir sıra digər xəstəliklərə yol açır.
Keçirilmiş təcrübələrə əsasən, bir neçə həftə çəkən gecə növbəli iş
rejimi şəkər xəstəliyinin yaranması riskini xeyli gücləndirir.
Cambridge Universitinin doktoru Akhileş Reddi insan orqanizmində
baş verən bütün bioloji proseslərə təbii ritmlərin cavadeh olduğunu
deyir: "Bioloji saatın pozulmasının mənfi fəsadlarla nəticələnməsi
şübhəsizdir, ilk növbədə bu özünü döş vəzində xərcəngin əmələ
gəlməsində göstərir".
Mançester Universitetinin professoru Andrew Loudon hesab edir ki,
bioloji saatın əksinə olan həyat tərzi müasir cəmiyyətin ən əsas
problemidir. Alim, "Qıza zaman kəsiyində bunun mənfi nəticələrini
hiss etmək çətin olsa da, uzun müddətdən sonra insan sağlamlığı
üçün acı nəticələr göz qabağına gəlir", - deyə xəbərdarlıq
edir.
"Hökümət və cəmiyyət bu problemə ciddi yanaşmalıdır, gecə növbəli
işin sağlamlıq üçün mənfi təsiri nəzərə alınaraq bu sahəyə aid
qanunvericilik yenidən nəzərdən keçirlməlidir", - doktor Akhileş
Reddi vurğulayır.