Abituriyentlər qovuldu
19 May 2014 13:54 (UTC+04:00)
Bakı və Respublikanın digər rayonlarında
abituriyentlərin imtahandan xaric edilməsi faktı qeydə
alınıb.
Bunu ANS PRESS-ə açıqlamasında Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur
Nağızadə deyib. O, bildirib ki, hazırda cavab kartlarının və
imtahana giriş protokolların emalı prossesi gedir:
"Bütün binalarda imtahanlar tam normal keçib.
Abituriyentlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün tam
şərait yaradılıb. Nəticələrin yaxın 2 gün ərzində elan edilməsi
nəzərdə tutulur. Bu dəfəki qəbul imtahanlarında da bəzi
abituriyentlər müxtəlif qayda pozuntularına yol verdiklərinə görə
imtahandan xaric edilib. Bakı və Respublikanın digər rayonlarında
da imtahandan xaric olma faktları qeydə
alınıb".
Qeyd edək ki, ötən gün ali təhsil müəssisələrinin
1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında
istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları
açıqlanıb.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının
emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab
kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ
qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları)
ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini
ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin
nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron
ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin
ixtisaslarını seçə biləcəklər.