Əli Həsənovdan ABŞ səfirinin açıqlamalarına REAKSİYA- Müsahibə
19 May 2014 15:50 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənovun müsahibəsini təqdim edirik
- Əli müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda
demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı
müəyyən neqativ fikirlər səsləndirib. Bu fikirlərə münasibətinizi
bilmək istərdik.
- İlk öncə onu qeyd etmək istərdim ki, ABŞ-la
Azərbaycan arasında keçən iyirmi ildə daim yaxşı münasibətlər olub.
Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir
sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir. Enerji təhlükəsizliyi, transmilli
nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə,
beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli
tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir.
Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla bütün
transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad,
faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə
qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik. Bir
tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən vəzifələri
məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər
icra edir.
Bununla yanaşı, Azərbaycan həm də heç kimdən asılı
olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə
beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən
artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da
möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına,
dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab
edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya
beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici
siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə
çalışması, "bu xalqa neçə yaşamağı öyrətməsi" heç də yaxşı hal
deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də
olmayacaq.
Konkret olaraq cənab Riçard Morninqstarın məlum
müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri, nə
Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil, nə də ki,
"Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul olunmuş Vyana
Konvensiyasının tələblərinə cavab vermir. Konvensiyaya əsasən,
xarici dövlətlərin diplomatları fəaliyyət göstərdikləri ölkələrin
qanunlarına və ictimai həyat normalarına hörmətlə yanaşmalı, bu
ölkənin daxili və xarici işlərinə qarışmamalıdır. Diplomatik
nümayəndəliyin əsas funksiyaları öz ölkəsi ilə fəaliyyət göstərdiyi
dövlət arasında dostluq münasibətlərini dəstəkləmək, xalqlar
arasında ictimai, iqtisadi, mədəni və s. əlaqələrin inkişafına
yardım göstərməkdir. Təəssüf ki, cənab R.Morninqstarın
açıqlamalarında bu tələblər bir qədər pozulub.
- Səfirin qeyri-diplomatik və təəccüb doğuran
ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra
iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi
xarakterizə olunur. Bu barədə nə deyə
bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycanın daxili və xarici
siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək,
yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti
daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını
digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki,
peşəkar diplomatiya nümunəsi sayıla bilməz. R.Morninqstarın
müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun
təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad
çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv
mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca
narahat edir və düşündürür.
Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və
Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz
yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir.
İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş
verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər
sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt
çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion
hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi
sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin
qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin
körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi
demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər
hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da
təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə
yoxdur.
O ki qaldı Azərbaycanda hakimiyyətin qeyri-monolit
olması fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv
mülahizəsindən başqa bir şey deyil. Azərbaycanda hakimiyyət xalqın
iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı
olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə, vahid komanda
halında ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması,
əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə
prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və
xarici siyasəti hansısa dairələrin istək və arzularına
uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla
həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə,
xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın
müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə
seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və
məqsədyönlü siyasəti bundan sonra da davam
etdiriləcəkdir.
- Müsahibədə, o da qeyd edilir ki, əgər hökumət
Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsini
istəmirsə, insan haqları və demokratiya məsələlərinə diqqəti daha
da artırmalıdır...
- Düşünürəm ki, yanlış postulatla heç vaxt düzgün
məntiqi nəticə hasil oluna bilməz. Birincisi, bəzi "hüquq
müdafıəçilərinin" iddiasının əksinə olaraq, Azərbaycanda vətəndaş
cəmiyyəti institutlarına, mətbuata və azad informasiya fəaliyyətinə
heç bir təzyiq yoxdur. Ölkədə yüzlərlə QHT, müstəqil media orqanı
nəinki sərbəst fəaliyyət göstərir, həm də dövlətdən bu iş üçün
ayırdığı əsaslı yardımlardan bəhrələnirlər. Azərbaycanda dünyanın
çox ölkəsinin həsəd apara biləcəyi tam azad internet mövcuddur. O
ki, qaldı müvafiq dövlət orqanlarının bu istiqamətdəki bəzi
təşəbbüslərinə, qanunvericiliyin müddəalarının yerinə yetirilməsi
istiqamətindəki addımlarına, bu fəaliyyət, ilk növbədə elə
demokratiyanın tələbi hesab olunan ölkədaxili nizam-intizamın
yaradılmasına, şəffaflığın təmin edilməsinə xidmət göstərir.
Hazırda hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da
peşə mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamı qanun
qarşısında bərabərdir. Əgər hər hansı vətəndaş qanunu pozubsa,
cinayət törədibsə, onun məsuliyyətini də daşımağa hazır
olmalıdır.
İkincisi, bu gün bir çox Qərb ölkələrində
insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də
praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və
etirazların qarşısı zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr
yaradılması, fəaliyyəti hakimiyyətin maraqlarına cavab verməyən
nəşrlərin çökdürülməsi, jurnalistlərin diffamasiya hallarına görə
həbs olunması, izlənməsi, müxtəlif texniki vasitələrlə telefon
danışıqlarının və internet yazışmalarının dinlənməsi, internetin
məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə faktlar
mövcuddur.
Ancaq biz bunu həmin ölkələrdə antidemokratik
tendensiya kimi səciyyələndirmirik və hesab edirik ki, ayrı-ayrı
azsaylı halların ümumiləşdirilərək hər hansı dövlətin siyasi xətti
kimi qələmə verilməsi yanlış metodologiyadır. Əfsus ki, biz bəzi
Qərb dairələrindən Azərbaycana qarşı adekvat münasibət
görmürük.
Üçüncüsü, hesab edirəm ki, Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafına təmənnasız, heç bir başqa niyyət olmadan
yardım göstərmək istəyi və bununla daban-dabana zidd olan
məqsədlyönlü fəaliyyət arasında fərqi açıq göstərmək
lazımdır.
Azərbaycan demokratik standartların geniş tətbiqi,
insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş
cəmiyyəti institutlarının inkişaf etdirilməsi məqsədilə Avropa
Şurası, ATƏT, Avropa İttifaqı və s. bu kimi nüfuzlu beynəlxalq
qurumlarla yaxından əməkdaşlıq edir, birgə layihələr reallaşdırır.
Təəssüf ki, bəzi xarici dairələr Azərbaycanda siyasi partiyaları,
qeyri-hökumət təşkilatlarını və medianı ələ alır, qeyri-qanuni
maliyyələşdirir, onları öz iradəsinə uyğun və milli maraqlarımıza
zidd istiqamətə yönəltməyə cəhd göstərirlər. Konkret təlimatlar
əsasında işləyən bu qurumların əsas missiyası dövlətimizin
beynəlxalq imicini ləkələnmək, onun haqqında mənfi rəy
formalaşdırmaq, qulluğunda durduqları xarici dairələrin
anti-Azərbaycan kampaniyasına əsas yaratmaq və dəstək
verməkdir.
Azərbaycan cəmiyyəti onların kimliyi və fəaliyyəti
haqqında kifayət qədər məlumatlıdır. Buna görə də ictimaiyyətimiz
bəzi xarici dairələrin bu qurumların donoslarına əsasən
hazırladıqları "hesabatları" və irəli sürdükləri subyektiv
iddiaları heç vaxt ciddi qəbul etməyib, etmir və gələcəkdə də
etməyəcək.
Bu günlərdə "Sülh və Demokratiya İnstitutu"
adlanan qurumun fəaliyyəti haqqında mediada çoxsaylı materiallar
verildi. Aydın oldu ki, Qərbdəki bir sıra fondlar vasitəsilə
qeydiyyatı olmayan bu tipli təşkilatlara qeyri-qanuni yollarla
milyonlarla vəsait ötürülür. Bu vəsaitlər hansı məqsədlərə
yönəldilir, necə xərclənir? Bizdə heç bir məlumat yoxdur.
Azərbaycan qanunları bu sahədə şəffaflığın təmin olunmasını tələb
edir və müvafiq orqanlar bu istiqamətdə addımlar atmağa başlayanda,
beynəlxalq havadarlar işə qoşulur, Azərbaycanda guya vətəndaş
cəmiyyəti institutlarına təzyiqlər göstərildiyini iddia etməyə
başlayırlar. Daha bir misal kimi 2013-cü ilin martında ABŞ Milli
Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks
Qriqorevsin fəaliyyətini göstərmək olar. Bu qurum Azərbaycanda
gənclərdən ibarət radikal etirazçı qrupun formalaşdırılmasına, onun
qeyri-qanuni fəaliyyətinin təşkil edilməsinə külli miqdarda pul
xərcləmişdi. Həmin vəsait haqqında Azərbaycanın müvafiq dövlət
orqanlarına heç bir məlumat verilməmiş və bu günə kimi də bu məsələ
qaranlıq olaraq qalır.
Təbii ki, həmin gənclərin bir qisminin evlərindən
"Molotov kokteylləri" çıxanda hökumət ciddi tədbirlərə əl atmaq
məcburiyyəti qarşısında qaldı. Bunun ardınca bəzi Qərb
dairələrinin, onların təsiri altında olan siyasiləşmiş
hüquq-müdafiə təşkilatlarının isterik bəyanatları özünü çox
gözlətmədi. Süni və məqsədli şəkildə radikallaşdırılmış, başıpozuq
kütlədən, xüsusilə də gənclərdən istifadə etməklə, vətəndaş
cəmiyyəti institutlarının bayrağı altında müxtəlif ölkələrdə
dəfələrlə sınaqdan keçirilmiş belə fəaliyyət taktikası bizə
məlumdur. Ukraynadakı "Maydan" hərəkatı da bəzi beynəlxalq güclərin
layihəsidir və onlar hazırda bu ölkədə baş verənlərə - vətəndaş
qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına görə
birbaşa məsuliyyət daşıyırlar. Əgər həmin dairələr Azərbaycanda da
analoji proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını
almaq da bizim vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı
dövlətin təhlükəsizliyini təhdid edən istənilən addıma layiqli
cavab verməyə hazırdır və heç bir isterik bəyanat, çərçivəni aşan
ritorika dövlətin iradəsini sarsıda bilməz.
- Səfir R.Morninqstar Azərbaycana qarşı bəzi
region ölkələrindən gələn təhlükələr barədə də danışıb. Həqiqətənmi
belə təhlükə mövcuddur? Yoxsa səfirin bu fikirləri başqa məqsədə
hesablanıb?
- Ermənistan istisna olmaqla, Azərbaycanın bütün
region ölkələri ilə çox yaxşı dost və tərəfdaşlıq münasibətləri
mövcuddur. Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq
işğalçılıq siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki,
ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır,
əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr
üçün əsas verir. Bu tendensiya yeni deyil, Qərb rəsmiləri və
mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr,
məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük
ölkələri ilə münasibətlərini pozmağa çalışıblar. Bu gün də insanlar
fikirləşir ki, görəsən Azərbaycanın müstəqilliyinə qarşı hansı
ciddi təhlükə mövcuddur ki, ABŞ səfiri onun "müstəqilliyi və
suverenliyi üçün səsini ucaltmaq" haqqında danışır. Açıq etiraf
etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi
mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya
sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu
ilin aprelində Prezident İlham Əliyevin İrana səfəri zamanı bütün
anlaşılmazlıqlar aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün
yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanın bütün
region ölkələri ilə münasibətləri yüksək səviyyədədir və bu tipli
iddialar mövcud əməkdaşlığın ruhuna xələl gətirə
bilməz.
- Həm ATƏT-in Minsk qrupundakı amerikalı həmsədr
Ceyms Uorlik, həm də səfir Morninqstarın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri də
narahatlıq doğurur. Ən azından ona görə ki, başqa analoji
problemlərlə əlaqədar ABŞ bir mövqe, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı isə fərqli münasibət ortaya qoyur. Sizcə bunun səbəbi
nədir?
- Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə
dəfələrlə münasibət bildirib və mövcud ikili standartları şiddətlə
qınayıb. Həqiqətən də, postsovet məkanında digər oxşar
münaqişələrlə əlaqədar ABŞ birmənalı şəkildə işğal faktını qınayır,
beynəlxalq hüquqdan, ərazi bütövlüyü prinsipindən danışır. Amma
Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə yanaşı,
dərhal həm də "xalqların öz müqəddəratını təyin etməsi" prinsipi
yada düşür. Nə cənab C.Uorlik, nə də səfir R.Morninqstar
Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş
ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7
rayonun geri qaytarılmasından bəhs edirlər. Dağlıq Qarabağın
gələcək statusunun beynəlxalq hüquqa uyğun deyil, yalnız danışıqlar
vasitəsilə müəyyənləşdirilməsi təlqin olunur. Sual doğur, niyə?
Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmirmi? Bəs
onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin "ABŞ
Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" tipli
bəyanatlarını necə anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir? Necə
olur ki, digər hallarda beynəlxalq birlik təcavüz və işğal
faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi sanksiyalar tətbiq
edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq Qarabağ və
Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsinlər,
beynəlxalq birlik isə bunu dəstəkləyəcək. İşğalçı ilə işğalın
qurbanı beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ
bilərlər?! Yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir
Morninqstar başqa məsələlərdən də danışardılar. Məsələn, nəyə görə
ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı
Ermənistana yüz milyonlarla dollar yardım ayırır? ABŞ-ın indiyə
qədər bu işğalçı dövlətə və separatçı rejimə ayırdığı təxminən iki
milyard dollar vəsait hara xərclənib? Nəyə görə bu qondarma rejimin
ABŞ-da nümayəndəliyi var? Nəyə görə terrorçu rejimin başçılarının
ildə bir neçə dəfə Amerikada marafon keçirməsinə və milyonlarla
dollar pul yığılmasına şərait yaradılır? Bu günə qədər ATƏT MQ-nin
həmsədri kimi ABŞ münaqişənin həlli istiqamətində hansı real
addımlar atıb?
İndiyə kimi bu sualların heç birinə aydın və
qənaətbəxş cavab verilməyib. Azərbaycan cəmiyyəti eyni sözlərdən,
ikili standartlardan bezib və artıq bu bəyanat müəlliflərinin
səmimiyyətinə inanmır. Azərbaycan ictimaiyyətində artıq belə bir
rəy formalaşıb ki, ABŞ-da dövləti idarə edən və ya hakimiyyətə
iddialı olan siyasi qurumlar daha çox növbəti seçkilər haqqında
düşünürlər və buna görə də öz ölkələrinin strateji maraqlarını
erməni lobbisinin mənafelərinə qurban verirlər.
- Əli müəllim, səfirin açıqlaması ABŞ-Azərbaycan
əlaqələrinə mənfi təsir göstərə bilərmi?
- ABŞ-la Azərbaycanın strateji maraqları,
ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluq
münasibətləri tərəfdaşlığın qorunub saxlanmasını və daha da inkişaf
etdirilməsini tələb edir. Bu isə qarşılıqlı etimad, səmimi davranış
mühiti olduqda, bir-birinin daxili işlərinə müdaxilə kimi lazımsız
addımlardan imtina edildikdə, ikitərəfli əlaqələrin inkişafına real
töhfələr verildiyi təqdirdə mümkündür. Azərbaycan özünün xarici
siyasətində, bütün dost ölkələrlə münasibətlərində bu prinsipləri
başlıca meyar hesab edir və tərəfdaşlarından da adekvat münasibət
gözləyir. Hesab edirik ki, cənab R.Morninqstar daxil olmaqla bütün
ABŞ rəsmiləri bu reallıqları nəzərə almalı və qeyri-obyektiv,
əsassız iddialardan, ikitərəfli münasibətlərin ruhuna zidd
ritorikadan çəkinməlidirlər.