Peşə məktəblərinin məzunlarının ixtisas səviyyəsi hələ də qənaətbəxş deyil

19 May 2014 18:36 (UTC+04:00)

Azərbaycanda mövcud texniki peşə məktəblərinin hazırladığı kadrlardan ixtisas səviyyəsi hələ də qənaətbəxş sayılmır. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən  peşə məktəblərində  bərbərlik, aşpazlıq, çilingərlik, kompüter dizayneri, dekorator, operator, texnik və s. sənət sahələri üzrə bilik və vərdişlərə yiyələnmək olar. Lakin problem ondan ibarətdir ki, əksər hallarda bu məktəblər boş qalır. Ordan məzun olan kadrların isə ixtisas səviyyəsi qeyd edildyi kimi bir o qədər də yüksək olmur.  

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev hesab edir k, əsas səbəb illərdir peşə  məktəblərində yenilənmə aparılmamasıdır: "Bu gün texniki peşə məktəblərində təhsil aşağı səviyyədədir. Bu da ondan irəli gəlir ki, texniki peşə təhsili uzun illərdir ki, yenilənmir. İstər  proqram təminatı baxımından, istər maddi-texniki bazanın yaxşılaşdırılması baxımından bu önəmli tədris müəssisələrində ciddi yenilik baş vermir. Ona görə də, son tədris illərinin nəticələrinə baxsaq, görərik ki, abituriyentlərin təxminən 14-15%-i texniki peşə məktəblərinə üz tutur. Pis bir hal da odur ki, çox vaxt orta məktəbi bitirib ali məktəbə qəbul olmayan məzunlar texniki peşə məktəblərinə üz tutmaqdansa, sərbəst şəkildə hansısa sənəti öyrənməyə çalışırlar. Ya usta yanında bərbərlik öyrənirlər, ticarətə yönəlirlər, bir çox hallarda restoranlarda, şadlıq saraylarında ofisiantlıqla məşğul olaraq pul qazanırlar. Bu onu göstərir ki, şagirdlər texniki peşə təhsilinin məzmununa, keyfiyyətinə şübhəylə yanaşırlar və hesab edirlər ki, onlar hər hansı işi müstəqil şəkildə daha yaxşı öyrənə bilərlər". 

Ekspert deyib ki, bir sıra  inkişaf etmiş ölkələrdə texniki peşə təhsili nisbətən daha çox  inkişaf edir. Orada peşə məktəblərinə kifayət qədər üz tutan insan var: " Məsələn, Yaponiyanın bugünkü elmi-texniki inkişafını şərtləndirən əsas amillərdən biri ötən əsrin 60-cı illərdən bəri texniki peşə məktəblərinin  inkişafı, onların buraxdığı məzunların əməyidir. Orda texniki-peşə təhsilinə verilən diqqət, bu sahənin inkişafı üçün xərclənən vəsait, maddi-texniki bazanın yaxşılaşdırılması və s. inkişafa səbəb oldu".  

Etibar Əliyev texniki peşə məktəblərinin inkişafı üçün görülməli işlərdən danışıb: "Bizdə də sovetlər dövründən qalmış laborotoriyalar, dəzgahlar, ümumiyyətlə, maddi-texniki baza yenilənməlidir. Orada çalışan müəllimlərin demək olar ki, əksəriyyəti təkmilləşmə kurslarından keçmirlər. Bu gün texniki-peşə məktəblərinin yeni proqramları işlənməli, yeni kurikulum hazırlanmalıdır. Eyni zamanda ciddi maarfləndirmə işləri aparılmalıdır ki, uşaqlar texniki peşə məktəblərinə üz tutsunlar. Əks təqdirdə təhsildə yaranan boşluq doldurula bilməz. Bu gün orta məktəbi bitirən şagirdlərin sadəcə 20%-i ali məktəbə qəbul olur. Yerdə qalanının isə yalnız bir qismi texniki peşə məktəblərinə  üz tutur. Gərək şagirdlərin heç olmasa, 40-50%-i texniki orta məktəblərə üz tutsunlar. Bir də görürsən ki, hansısa binada işıq sönür. Bina sakinlərindən bir nəfər texnik tapılmır ki, onu təmir eləsin. Halbuki, həmin binada işsiz 10-15 nəfər hansısa universitetinin məzunu yaşayır. Həmin şəxslər ondansa, hansısa peşəyə yiyələnsəydilər, bu, daha çox yararlı olardı".