Azərbaycanda silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadəyə görə cəzalar ağırlaşdırılır

19 May 2014 21:48 (UTC+04:00)

Azərbaycanda Silahlı Qüvvələrdən və qanunvericiliklə nəzərdə tutulmuş silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadə etməyə görə cəzalar ağırlaşdırılır.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 275.1-ci maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Hazırda bu rəqəmlər müvafiq olaraq 5 ildən 10 ilə qədərdir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.