Ali məktəblər şəhərin mərkəzindən uzaqlaşdırılır

19 May 2014 18:44 (UTC+04:00)

Xeyli  müddətdir ki, ali məktəblərin şəhərdən köçürülməsi məsələsi müzakirə olunur. Bu günlərdə isə məsələ ilə bağlı  Bakı Dövlət Layihə İnsitutunun direktoru İlqar İsbatov bildirib ki, artıq ali məktəblərin köçürülməsi üçün nəzərdə tutulan ərazilər də müəyyənləşdirilib: "Təhsil Konsepsiyasının tərkib hissəsi kimi ali təhsil haqqında ayrıca bir konsepsiya hazırlanmalıdır. Biz öz layihəmizdə şəhər ətrafında ali təhsil müəssisələri üçün ərazilər nəzərdə tutmuşuq. Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil ocaqları həmin nəzərdə tutulan ərazilərə köçürülə bilər". 

İndi artıq reallaşması yaxın gələcək üçün nəzərdə tutulan layihənin təhsil sisteminə, şəhər strukturuna təsiri məsələsi maraq doğurur. Ekspertlər hesab edirlər ki, atılan addım təhsis sisteminə müsbət töfhələr verə bilər. 

Belə ki, təhsil üzrə ekspert Emin Məhərrəmov Mövqe.az saytına açıqlamasında bildirir ki, bununla ilk növbədə gənclərdə tələbə ruhu formalaşacaq: "Ali məktəblərin şəhər kənarına köçürülməsi ilə bilavasitə olaraq gənclərdə tələbəlik ruhu formalaşacaq. Belə ki, bu zaman tələbələr də, müəllimlər də bir yerdə cəmləşir. Belə mühitdə hər kəs həmin təhsil atmosferininin içində olur. Bizdə universitetlərin çoxu şəhər mərkəzindədir. Mən burda oxuyan tələbələrin çoxunda əsl tələbə davranışı görmürəm. Bizdə klassik tələbəlik yoxdur. Bu həyatı yalnız, regionlardan, əyalətlərdən gələn tələbələr keçirir. Yataqxanada, ya kirayə evlərdə qalanda, valideyndən uzaq, məsuliyyətlərlə yaşadıqlarından bir sıra çətinliklərlə qarşılaşırlar. Tələbəlik mühiti odur ki, tələbə hər zaman oxuyur. Şəhər kənarında yerləşən universitetlə bərabər, salınacaq şəhərcikdə  yemək yeyəndə də, gəzəndə də həmişə təhsil atmosferi olur. Amma bunun bizim mentallitetimizə nə dərəcədə uyğun olacağını demək olmaz". 

Ekspert deyir ki, ali məktəblərin şəhər kənarına köçürülməsi təhsil sistemininin koordinasiyasını dəyişə, idarəçilik məsələsini təkmilləşdirə bilər: "Müəllimlər də orada cəmləşdiyindən, tələbələrlə bilavasitə münasibətdə olurlar. Bizdə belə bir təcrübə yalnız Moska Dövlət Univerisitetinin filialında var. Məsələn, müəllimlərlə tələbələr Xocasəndə o atmosferi yaşayırlar.  Köçürülmənin təhsilin keyfiyyətinə təsirini isə zaman göstərəcək. Avropa təcrübəsi hər zaman bizim reallıqla üzləşir. Təcrübə bizdə həyata keçirilərkən reallıqlar nəzərə alınmalıdır". 

Digər ekspert Məhərrəm Zülfüqarlı da ali məktəblərin şəhər kənarına köçürülməsini təhsil sahəsi üçün məqsəduyğun addım sayır: "Bu, Şəhərsalma və Arxitektura Idarəsinin layihəsidir ki, gələcək üçün nəzərdə tutulub. Dünya təcrübəsində də var ki, universitetlər şəhərin kənarında yerləşir. Həm dərs keçilir, təcrübələr reallaşdırılr, həm də tələbələr orada məskunlaşırlar. Yəni, təhsilə aid bütün proseslər orada baş tutur. Amma bu, hələ layihə şəklindədir. İnşallah, gələcəkdə həyata keçirilsə, təhsil üçün müsbət töhfələr verə bilər".

 Hesab olunur ki, təhsil sistemindən əlavə universitetlərin şəhər kənarına köçürülməsi paytaxtda yaranan sıxlığı, tıxacları da qismən aradan qaldıra bilər. Bununla əlaqədar olaraq Məhərrəm Zülfüqarlı bildirib: "Tıxac probleminin həllinə də müəyyən qədər təsiri olacaq. Sovet dövründən bəri Bakıda olan ali məktəblərin böyük əksəriyyəti şəhər mərkəzində yerləşir. Əgər şəhərdən kənara köçürülərsə, hər gün şəhərə gedib-gələn kütlə azalar. Nəticədə tıxac problemi  müəyyən qədər ortadan qalxar. Fikrimcə, köçürmə yalnız ali məktəblərə tətbiq olunmamalıdır. Nazirliklərin də bir qismi Bakıdan başqa şəhərlərə köçürülə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi Gəncədə yerləşə bilər. Energetika Nazirliyinin Mingəçevirdə olması münasib olardı. Eyni zamanda Şivan şəhərinə, Sumqayıta da digər nazirliklər köçürülə bilər. Şərt deyil ki, ali məktəblərin, rəsmi qurumların hamısı paytaxtda yerləşsin. Bunların kənara köçürməklə Bakı şəhərini yükdən xilas etmək olar". 

Emin Məhərrəmov da hesab edir ki, köçürmənin tıxacların azalmasına müəyyən təsiri olacaq: "Əslində, düşünmürəm ki, tıxac probleminin yaranmasında tələbələrin mühüm rolu var. Amma, əlbəttə ki, müəyyən qədər təsiri mütləq ki, olacaq".