Qərb Qarabağ məsələsinin həllinə diqqəti artır

20 May 2014 08:07 (UTC+04:00)

Son bir neçə aydır ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağla bağlı məsələdə aktivliyi hiss edilməkdədir. Qısa zaman ərzində fikirlərində kəskin dəyişmələr olsa da, həmsədr işğal olunmuş ərazilərrn Azərbaycana qaytarılmasının vaciblyini önə çəkir. Bu arada isə ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycanın işğal altındakı Laçın rayonunda edilən hücumun yeni təfərrüatları məlum olub.

xatırladaq ki, həmsədrlər Ceyms Uorlik, Jak Forvə İqor Popov mayın 16-da və 17-də İrəvanda görüşlər keçirdikdən sonra Zod aşırımından keçərək ermənilərin çəkdikləri yeni yolla işğal altındakı Kəlbəcər rayonuna gəliblər.

Oradan həmsədrlərin maşın karvanı işğal altındakı Laçın rayonuna yola düşüb və burada vasitəçiləri separatçı "DQR rejiminin" təşkil etdiyi kütlə qarşılayıb.

Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədlərin maşınlarının qarşısını kəsib və onların maşından düşməsini tələb ediblər. Toplaşanlar "Daşnaksütun" erməni inqilabi federasiyasının Qarabağ özəyinin gənclər təşkilatının üzvləri olublar. Daşnakların hədəfi amerikalı həmsədr Ceyms Uorlik olub. Onlar C.Uorlikdən bir neçə gün əvvəl Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi sülh prinsiplərinə aydınlıq gətirilməsini tələb ediblər.

Xəbər verildiyi kimi, Ceyms Uorlikin açıqladığı sülh prinsiplərində Laçın rayonundan Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsini təmin etmək üçün dəhliz ayrılmasını, ancaq rayonunun qalan hissəsinin Azərbaycana verilməsi də əksini tapmışdı. Uorlikin açıqladığı prinsiplərin xüsusən bu hissəsi erməniləri ciddi narahat edib. Belə ki, uzun illərdir danışıqlarda erməni tərəfi Laçının qaytarılması məsələsindən israrla imtina edir. Avtomobildən düşən Ceyms Uorlik Laçının mərkəzində qanunsuz məskunlaşdırılmış erməni daşnaklarının hay-küyünü dinləyib. Daşnaklar onun hesabatını "antierməni" adlandırıblar, Uorlikə qarşı aqressiv davranıblar və onu "Azərbaycana işləməkdə" günahlandırıblar.

Amerikalı həmsədr isə erməniləri dinləyəndən sonra onlara qəti cavab verib. Diplomat bildirib ki, onun Vaşinqtonda açıqladığı sülh elementləri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə dair dövlət siyasətini əks etdirir: "Hansı ifadənin işlədilməsinin əhəmiyyəti yoxdur. Bunu aydın şəkildə başa düşmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı nizamlama olsa o zaman ən mühüm vəzifələrdən biri bu ərazlərin Azərbaycanın nəzarətinə qaytarılmasıdır"

Politoloq Razi Nurullayev məsələ ilə bağlı qeyd edir: "Amerikalı həmsədrin son mövqeyi Azərbaycanın maraqlarına daha uyğundur. Bunun da müəyyən səbəbləri var. Ümumiyyətlə, ABŞ-dan olan bütün həmsədrlər hər zaman belə bir fikirdə olublar ki, Ermənistan ilə Azərbaycan tərəfi bu məsələdə dil tapmalıdırlar. Amma C. Uorlik həmin ənənəni pozdu. Dağlıq Qarabağın həlli ilə bağlı bir çox məsələlərdə fəallıq göstərdi. Onun bu fəallığı Azərbaycana heç də yaxşı nəsə vəd etmədi. Ermənistan mediasında onun fikirlərinin Ermənistanın maraqlarına uyğun olması barədə iddialar səslənirdi. Amma Ukraynada hadisələr baş verəndən sonra və Rusiyadan gələn təhdidlər artdıqca ABŞ-ın regionda maraqları zərbə altında qalınca məhz ABŞ administrasiyasından gələn göstəriş C.Uorlikin fikirlərində müəyyən qədər dəyişiklər yaratmağa səbəb olub. Çünki, belə çıxır ki, əgər Rusiya Moldovadan Dnestryanı öz ərazisinə qatmaq istəyirsə, artıq Krımı daxil edibsə və Jirinovskinin dili ilə Dağlıq Qarabağın da Rusiyaya birləşdirilməsi fikrini ortaya atıbsa, bu, ABŞ-ın da maraqlarına cavab vermir. Bu baxımdan C. Uorlik sonuncu fikirlərində Dağlıq Qrabağın ABŞ-ın maraqları çərçivəsində olduğunu söylədi. ABŞ hazırda artıq erməni tərəfi ilə də söhbətlər aparır ki, Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda həll yolu tapılsın. Çünki, indiki vəziyyət Rusiyanın maraqlarına cavab verir. Rusiya regionda gücünü artırmağa davam edəcək. Bu baxımdan C. Uorlik ABŞ-dan gələn göstəriş əsasında həmin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı çıxış etdi".

Digər politoloq Qabil Hüseynli bildirdi ki, C.Uorlikin ziddiyyət təşkil edən bəyanatları, bütövlükdə beynəlxalq hüquqi normalara uyğun olmayan fikirlərinə görə Azərbaycan hökuməti onun geriyə çağırılması ilə bağlı məsələ qaldırmaq istəyirdi: "Bundan sonra ABŞ Dövlət Departamenti xüsusi yığıncaq keçirdi və C.Uorlik ciddi surətdə tənbeh edildi. Eyni zamanda ABŞ Dağlıq Qarabağla bağlı öz mövqeyini açıqladı. Bu mövqe bizi tam qane etməsə də, əvvəlki mövqelərdən köklü surətdə fərqlənir. Azərbaycanın işğal altında olan yeddi rayonunu geriyə qaytarılması məsələsini gündəmə gətirir. C. Uorlik sonuncu bəyanatını verməklə həm də ABŞ-ın mövqeyini bəyan etdi. Həmçinin, həmsədrlər Azərbaycana gəlməlidir. Güman ki, ilk mərhələdə yeddi rayonun qaytarılması məsələsi və bunun müqabilində Azərbaycanın Dağlıq Qarabağın keçici statusuna razı olması məsələsi müzakirə ediləcək. Ancaq Ermənistan tərəfinin yeddi rayonu qaytarılması fikrinə müsbət reaskiyası olmayacaq".