Su anbarları tikiləcək
19 May 2014 19:54 (UTC+04:00)
Astara şəhərində yeni içməli su və kanalizasiya
infrastrukturu yaradılacaq.
"Azərsu" ASC-dən ANS PRESS-ə verilən məlumata
görə, qurum Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən
birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda milli su
təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Astara
şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun
yenidən qurulması ilə bağlı tender elan edib.
"Astara şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinə əsasən şəhəri
keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi
Xanbulançay su anbarı seçilib. Su mənbəyindən Astara şəhərinə 24,8
km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef
şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su
anbarı tikiləcək. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli
su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 112,8 km paylayıcı su
şəbəkəsi yaradılacaq, 5119 ünvana ev birləşmələri veriləcək və hər
bir abunəçi su sayğacları ilə təmin olunacaq.
Layihə çərçivəsində ilk dəfə Astara şəhərində
kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı
sularının idarəedilməsi üçün 70,5 km uzunluğunda kanalizasiya
şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 4565 ədəd
kanalizasiya quyusu, 2 ədəd nasos stansiyası tikiləcək və bütün
abunəçilər şəbəkəyə qoşulacaq.
Astara şəhərində su təchizatı və kanalizasiya
infrastrukturunun yenidən qurulması işlərinə 2014-cü ilin üçüncü
rübündə başlanması nəzərdə tutulur. Layihə başa çatdırıldıqdan
sonra Astara şəhəri ilə yanaşı, gələcəkdə rayonun 27 kəndi,
ümumilikdə 102 min sakin faydalanacaq.
Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su
təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Gədəbəy,
Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata
keçiriləcək.