Bakı Metropoliteni məcburi köçkünlərə sonuncu xəbərdarlığını etdi
21 May 2014 12:57 (UTC+04:00)
"Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik
Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin
söküntüsü üçün son xəbərdarlıq edib. Movqe.az xəbər verir
ki, məlumatına görə, bu gün "Bakı
Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici
dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən
məcburi köçkünlərə sonuncu xəbərdarlıq
ediblər. Qeyd edək ki, Bakı Şəhər Xalq
Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il
tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal
sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün
Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi,
3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi
ayrılıb. "Bakı Metropoliteni" QSC-nin
mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib
ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış
həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər
tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki,
həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217
yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya
ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin
köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi
köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən
imtina edir. N.Paşayevin sözlərinə
görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad
qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı
Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir.
Metropoliten isə evlərin sökülməsi və tikinti materialların
daşınması üçün lazımi köməyi təklif edir. Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə
müraciət ediblər, lakin onların iddiaları təmin
edilməyib.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10
iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı
evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən
hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19
avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd
edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və
Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı
aradan qaldırıb. Bununla bağlı Ali
Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli
qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını
dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin
etməyib. Buna görə də "Bakı Metropoliteni" QSC söküntü işlərini
davam etdirilir.