Təhsil Nazirliyindən internat məktəbindəki uşağın döyüldüyünü iddia edənlərə cavab-Psixi durumları yoxlanılır

21 May 2014 14:45 (UTC+04:00)

Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı Təhsil Nazirliyi  tərəfindən təkzib olunsa da, sosial şəbəkələrdə internat məktəbindəki II sinif şagirdi Nahid Cavadovun döyüldüyü ilə bağlı iddialar səngimək bilmir. Yəni rəsmi olaraq azyaşlının döyülmədiyi söylənilsə də, buna ictimaiyyətdə inam demək olar ki, yox səviyyəsindədir. Hətta nazirliyin bu açıqlamasını gülünc sayıb qurumu qınayanlar da var. İstənilən halda internatda baş verən bu hadisə dövlət uşaq müəssisələrindəki tərbiyyəçilərin psixi durumu iləbağlı məsələni gündəmə gətirir. Maraqlıdır, sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış internat məktəblərində tərbiyyəçi işləyənlər hansı tələblərə cavab verməlidirlər? Onların psixoloji durumu bu işə götürülməzdən öncə yoxlanılırmı? 

Movqe.az məsələni araşdırmaq məqsədilə öncə De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi  ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, dövlət uşaq müəssisələrinə işə götürülən tərbiyyəçilər müvafiq tesdən və hazırlıqdan keçdikdən sonra işə götürülür: " Bu müəssisələrə  "Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq sosial işçilər hazırlanır. Yəni internatda işləmək istəyənlər indiyədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında "Sosial iş" ixtisası üzrə yenidən hazırlanma təhsili aldıqdan sonra işə götürülüblər. Həmin şəxslər bunun üçün 1 il təhsil alırlar. Bundan sonra müvafiq yoxlamalardan keçdikdən sonra işə götürülürlər". Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunundan isə Movqe.az-a bildiriblər ki, internat evlərində işləmək istəyənlərin burada sosial iş ixtisasına yiyələnməsi ilə yanaşı müxtəlif tələblər var: "Həmin tələblərdən biri də bu ixtisasa yiyələnmək istəyənlərin psixoloji durumu ilə bağlı həkim rəyinin olmasıdır. Başqa universitetlərdə bu cür sənəd tələb olunmasa da, biz sosial iş ixtisasına yiyələnmək istəyənlərdən psixi sağlamlıqlarına dair həkim rəyi tələb edirik. Onlar işə götürüldükdə təkrar yoxlamadan keçirilirlər. Ailə və  uşaqlarla  işləyən  sosial işçilərin hazırlanması  istiqamətində 2010-2011-ci tədris illərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunda 9 aylıq  

yenidən hazırlanma kursları təşkil olunub. Bu kursların 30-dan çox məzunu olub".  

Qeyd edək ki, Təhsil Nazirliyi Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə araşdırmanın nəticəsini açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindənMovqe.az-a verilən xəbərə görə, mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun (KİV-də adı Mahir kimi verilib) müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb. Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən yerində aparılmış araşdırma nəticəsində yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilib. Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib. Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər. Təhsil Nazirliyi hadisə barədə sifarişli və qərəzli informasiyanı yaymaqla ictimaiyyəti çaşdırmağa, bununla təhsil müəssisəsinin kollektivinin nüfuzuna xələl gətirməyə və tədris prosesinin normal ahəngini pozmağa yönəlmiş hərəkətləri qəti şəkildə pisləyir və buna yol vermiş şəxslər barəsində hüquqi çərçivədə müvafiq addımların atılması, o cümlədən araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.