Bakının prestijli salonlarında "Balıqlı pedikür"də HIV ve Hepatit C riski

21 May 2014 17:00 (UTC+04:00)

Azərbaycanda prestijli salonlarda istifadə edilən "balıqlı manikür" və  "balıqlı pedikür" üsulları HİV və hepatit kimi təhlükəli xəstəliklər yaya bilər. Bu barədə Movqe.az-a danışan dermatoloq  Çinarə Abbasova bildirib ki, dəri xəstəliklərinin müalicəsində istifadə edilən bu manikür və pedikür üsulları ən dəhşətli QİÇS xəstəliyinin belə yoluxmasına gətirib çıxarda bilər: "Bəzi gəmirici balıqlardan istifadə edilməklə dəri üstündəki xəstə və quru dərini gəmirən balıqlar mikrobları başqa insanlara da ötürmə ehtimalı var. Gəmirici balıqlar əsasən sədəf dəri xəstəliyinin müalicəsində istifadə edilir. Balıqlar  xəstə və quru dəri parçalarını gəmirərək xəstəliyin sağalmasını sürətləndirir. Amma bu zaman dəri xəstəliyi olan insan daha dəhşətli virusa belə yolaxa bilər. Çünki, balıqlar daha sonra başqa müştərilərin əl və ayaqlarındakı sədəf xəstəliyinin müalicəsində istifadə olunduğundan, HİV, hepatiti digər xəstələrə də yoluxdura bilərlər. Ona görə, də Türkiyədə və digər xarici ölkələrdə bu müalicəvi manikür və pedikür üsuları zamanı balıqlar dəyişdirilir. Bununla bağlı Türkiyədə Mainz universiteti dəri xəstəlikləri klinikası və Alman Federal Nörodermatit xəstəlikləri Birliyi Dərnəyi də ciddi həyəcan siqnalı verib. Həkimlər bildirir ki, əl və ayağında açıq yaralar olan insanların bu müalicə üsulundan istifadəsi xüsusilə təhlükəlidir".

Dermatoloqun sözlərinə görə, dəri parçalarını güclü gəmirici balıqlar kangal və çorpa balıqları hesab olunur. Bu balıqlar dərini sümüyə qədər gəmirərək qanı sovrma qabiliyyətinə görə fərqlənərək sədəf xəstəliyinin müalicəsində istifadə edilir.