Xaricdəki diaspor liderlərimiz hədəfdədir

29 İyun 2012 09:01 (UTC+04:00)

Son aylar MDB məkanında tanınmış soydaşlarımıza, azərbaycanlılardan ibarət diaspor qüvvələrin rəhbərlərinə  qarşı təxribat əməllərinə yol verilməsi halları artıb. Belə ki, cari ilin mayın 9-da Azərbaycan diasporunun Ukraynada ən fəal nümayəndələrindən biri Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Makiyevka şəhərində Böyük Vətən Müharibəsi veteranları ilə görüşü zamanı sui-qəsd nəticəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

Bir neçə gün bundan öncə isə Rusiyanın Kemerovo vilayətində Azərbaycan diaspor təşkilatının rəhbərinə sui-qəsd cəhdi olub. Adı açıqlanmayan 52 yaşlı diaspor rəhbəri öz avtomobilində hərəkət edərkən naməlum şəxs ona 3 dəfə atəş açıb. Güllələrdən biri sürücünün barmağına, iki güllə isə avtomobilə dəyib.  Hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Bildiyimiz kimi, son illər Azərbaycan diasporasının nümayəndələri MDB məkanında böyük işlərin görülməsinə nail olublar. Onlar Azərbaycanın tanıdılması, erməni təcavüzünün əsl mahiyyətinin açılması istiqamətində uğurlu fəaliyyətə imza atıblar. Bu isə istər-istəməz bizim düşmənlərimizi narahat etməyə başlayıb. Həmin düşmənlər isə bu narahatçılığı aradan qaldırmaq üçün müxtəlif sivil və qeyri-sivil metodlara əl atırlar ki, təki rəqiblərinə zərər yetirə bilsinlər. Bu mənada böyük ehtimalla qısa zaman kəsiyində iki tanınmış soydaşımıza qarşı baş verən sui-qəsdlər heç də təsadüfün nəticəsi deyil. İstisna olunmur ki, burada hansısa planlaşdırılmış əməldən söhbət gedir. Görəsən, soydaşlarımıza qarşı törədilən son aksiyalar təsadüfün, yoxsa hansısa planlaşdırılmış tədbirin nəticəsidir? 

Ekspert Cümşüd Nuriyev düşünür ki, yaxın xaricdə tanınmış soydaşlarımıza qarşı təşkil edilən sui-qəsdlər heç şübhəsiz hansısa planlaşdırılmış əməldir: "MDB məkanında son zamanlar tanınmış soydaşlarımıza qarşı həyata keçirilən sui-qəsdlər heç də təsadüfin nəticəsi ola bilməz. Burada hansısa planlaşdırılmış əməlin izi ola bilər. Məsələ ondadır ki, son illər Azərbaycandan xaricdə olan soydaşlarımız daha sürətlə təmərküzləşməyə gedir və belədə doğma vətənlərinin marağını daha aktiv şəkildə qorumağa başlayıblar. Soydaşlarımızın bu aktivliyi isə bir çox dairələri narahat edir, ona görə də bəziləri sonda onları aradan götürməyə çalışırlar. Təkcə erməniləri yox, həm də onların havadarı olan Rusiyanın kəşfiyyat orqanlarını da azərbaycanlıların fəaliyyəti narahat edir. Çünki azərbaycanlılar çox bacarıqlı olması səbəbindən Rusiyada və digər ölkələrdə özlərinə qısa bir zamanda mövqe və hörmət qazanmağı bacarır. Soydaşlarımız həmçinin əliaçıq olduğundan yerli əhali də onlardan narazı deyil. Belədə istər-istəməz Rusiyada yeni imic formalaşır. İndiyə kimi azərbaycanlıları bazar adamı kimi təqdim edirdilərsə, artıq onların imici dəyişib. Rusiyada da belə elm sahəsində ciddi irəliləyişlərə nail olan soydaşlarımız var. Həmçinin biznes sahəsində də soydaşlarımız tərəfindən ciddi uğurlar əldə olunub. Bütün bunları isə Rusiyadakı bəzi dairələr, həm də onlara həmrəy olan ermənilər qəbul edə bilmir. Amma onu da qeyd edim ki,  həmvətənlərimizə qarşı yönəlik belə sui-qəsdlərin hamısı ermənilər və rusların əlilə olmayıb, təəssüf ki, şərəfsizliklə məşğul olan bəzi soydaşlarımız tərəfindən də belə hallar həyata keçirilir. Tanınmış soydaşlarımız barədə informasiyanı Rusiyanın kəşfiyyat orqanları onun paxıllığını çəkən yaxın ətrafındakı soydaşlarımız vasitəsilə əldə edir. Həmin şərəfsizlərin əlilə də onları aradan götürməyə çalışırlar. Dəfələrlə soydaşlarımızın öldürülməsində digər azərbaycanlıların əlinin olduğu bəlli olub. Bunu artıq sübut etməyə ehtiyac yoxdur. Aydındır ki, soydaşlarımızın öldürülməsində sifarişi verənlər Rusiyadakı ermənilər də daxil olmaqla bəzi dairələrdir. Amma icraçıları təəssüf ki, özümüzünkülərdir. Azərbaycanlılar Rusiyanın hər hansı bir yerində hansısa bir uğura imza atırsa, bunun paxıllığını çəkənlər onları aradan götürməyə çalışır. Bu mənada Azərbaycan xaricdəki vətəndaşlarını qorumalıdır. Oradakı diplomatik nümayəndələrimiz məsələni gündəmə gətirməklə prosesi Rusiya mətbuatında işıqlandırmalıdır".

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov isə həmin hadisələri təsadüfün nəticəsi hesab edir: "Bildiyimiz kimi, MDB məkanında, xüsusən də Ukrayna və Rusiyada çoxsaylı soydaşımız yaşayır. Rusiyada olan həmvətənlərimiz daha çoxdur. Son zamanlar bəzi tanınmız soydaşlarımıza qarşı törədilən sui-qəsd əməllərinə gəldikdə isə bildirirəm ki, burada heç bir halda soydaşlarımıza qarşı hansısa planlı əməllərin törədilməsindən söhbət gedə bilməz. Bunlar əslində təsadüfi hallarda baş verən hadisələrdir. Bununla belə deməliyəm ki, həm Ukraynanın Donetsk şəhərində Azərbaycan diasporası fəalının qətlə yetirilməsi, həm də Rusiyanın Kemerovo vilayətində baş verən hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri gedir. Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna və Rusiyada aparılan həmin əməliyyat-axtarış tədbirlərini diqqət mərkəzində saxlayır. Ukraynada Ukrayna azərbaycanlıları Konqresi, Rusiyada isə Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərir. Onlar da aparılan əməliyyat-axtarış tədbirlərini diqqət mərkəzində saxlayır. Amma yenə də birmənalı olaraq qeyd edə bilərik ki, soydaşlarımıza qarşı törədilən həmin sui-qəsd əməllərində hər hansı bir planlı aktlardan söhbət getmir".