Azərbaycan və Rusiya strateji tərəfdaşdır

29 İyun 2012 09:06 (UTC+04:00)

"Bu səviyyəli tədbirlərin mütəmadi olaraq keçirilməsi prezidentlərimiz İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi nəticəsində mümkün olub. Hər iki ölkənin rəhbərləri dövlətlərimiz arasında tərəfdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdırlar". Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda keçirilən "Rusiya-Azərbaycan dialoqu -2012" III Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışında deyib.

Ramiz Mehdiyev dövlət başçıları səviyyəsində yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladıb: "Azərbaycan prezidenti İlham Əliyev qeyd etdiyi kimi, "ikitərəfli münasibətlərimizdə təcili olunması tələb olunan hansısa məsələ yoxdur". Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Son illər ərzində birgə səylərimiz nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapa bilmişik. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Qeyd etmək istəyirəm ki, Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər".

Prezident Administrasiyasının rəhbəri hazırda ölkə ərazisində 457 Rusiya müəssisəsi və təşkilatının fəaliyyət göstərdiyini deyib: "Onlardan 219-u yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir, 149-u birgə müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya "LUKoyl" neft şirkəti, "Baltika" pivəbişirmə şirkəti, "Nikoyl" investisiya-kommersiya bankı, "Bank BTB" açıq səhmdar cəmiyyəti və digər müəssisələr daxildir".

PA rəhbəri hazırda Azərbaycanda 120 mindən artıq rusun yaşadığını deyib: "Qeyd etmək istərdim ki, bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Respublikada digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək üçün hər cür şərait yaradılıb".

Ramiz Mehdiyev Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə cəmiyyətin bütün sahələrində rus dilinin öz mövqelərini qoruyub saxladığını vurğulayıb: "Bu gün 20-dən artıq orta ümumtəhsil məktəbində rus dilində tam orta təhsil almaq imkanı var, 327 məktəbdə isə dərslər həm Azərbaycan, həm rus dillərində keçirilir. Ölkənin bütün dövlət ali məktəblərində və özəl ali məktəblərinin bir qismində rus dilində fakültələr fəaliyyət göstərir, burada 16 mindən artıq tələbə rus dilində ali təhsil alırlar. Bakıda rus dilində kadrların hazırlanması üzrə ən böyük mərkəzlərdən biri olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Dörd il əvvəl paytaxtımızda bütün dünyada məşhur olan Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, iki il əvvəl isə Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı öz 90 illik yubileyini qeyd edib".