Qarabağ münaqişəsilə bağlı yeni proseslər başlanır

22 May 2014 10:50 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinə dair növbəti konkret fikirlər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, qərbpərəst mövqeyi ilə tanınan politoloq David Şahnazaryandan gəldi. Politoloqa görə, Moskva Azərbaycana artıq öz təkliflərini çatdırıb. Bu təkliflərdə isə Moskva Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə geri qaytarılmasını təmin etməyə hazır olması kimi məqamlar yer alır.

Qeyd edək ki, bütövlükdə son aylar Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi Qərb dairlərində də xüsusi olaraq qabardılır. Xüsusən ABŞ Cənubi Qafqazda daha bir dondurulmuş münaqişənin Rusiyanın əlində hansısa məqsədlər üçün vasitə olmasını istəmir. Rusiya isə ABŞ-ı regiona buraxmamaq üçün münaqişənin həllini tezləşdirmək imkanlarına sahibdir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, Rusiyanın postsovet məkanına yönəlik siyasətində dəyişikliklər etməsi Putinin ikinci dəfə iqtidara gəlməsi dövrünə təsadüf edir: "Amma son zamanlar bu siyasətin daha geniş sahədə həyata keçrildiyini müşahidə edirik. Rusiya 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq problemin həll olunması istiqamətində fəaliyyət göstərir. Bu günə qədər Minsk qrupu ciddi nəticələr əldə etməyib. Amma geosiyasi məkanda dəyişən şərait, eyni zamanda Dağlıq Qarabağın həll olunması istiqamətində müəyyən imkanları və təhdidləri də yaradıb. Bu baxımdan Rusiyanın Dağlıq Qarabağ problemini David Şahnazaryanın dediyi şəkilində həll etməsi inandırıcı deyil. Bu, bir tərəfdən dezinformasiya da ola bilər. Ancaq burada bir məsələ də diqqətdən qaçmamalıdır. Rusiya keçmiş postsovet ölkələrinə təzyiq edərkən Ukraynaya yönəlik eyni ssenarini həyata keçirməkdə o qədər də həvəsli olmaya bilər. Belə istəkləri hər zaman düşünə bilər. Amma Avropanın enerji tələbatının müəyyən qismini qarşılaya biləcək Azərbaycana bu cür ssenari həyata keçirməsi məntiqli deyil. Çünki, bu zaman Qərbin və ABŞ-ın təzyiqləri ilə qarşılaşacaq. Odur ki, Azərbaycanın etimadını qazanması istəməsi baxımından Rusiyanın Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək imkanı var. Əslində, David Şahnazaryanın belə bəyanat verməsi ciddi deyil. Çünki, Ermənistanın Gömrük Birliyinə üzv olacağı bir ərəfədə Rusiyadan belə bir hərəkət gözləmək olmaz. Digər tərəfdən, Ermənistan bir dövlət olaraq suveren deyil, Rusiyadan asılıdır. Rusiya bütün bu üstünlükdən istifadə edib Ermənistana bəlkə təzyiq göstərərək Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edə bilər. Amma bu zaman Rusiya Cənubi Qafqazın geosiyasi məkanında olan dəyişikliklərə də hazır olmalıdır".

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, David Şahnazaryan Ermənistna hakimiyyətinə kifayət qədər müxalif olan şəxsdir və Levon Ter Petrosyanın da qudasıdır: "Kifayət qədər ağıllı şəxsdir. Azərbaycanın lehinə olan bəyanatlar verməsinin birinci səbəbi Serj Sarkisyanın indiyə qədər yürütdüyü Rusiyapərəst siyasətini tənqid etməsidir. Yəni, bəyanat bizim xeyrimizə işləyən nəsə demək deyil. Ancaq 7 rayonun qaytarılmsı söhbətini son dövrlər xüsusi vuğrulayan həmsədr Ceyms Uorlikdir. Hətta Ermənistandakı ABŞ səfir xüsusi olaraq vurğulayır ki, ya bu varinatı, ya da müharibəni qəbul etməliyik. Rusiya isə C. Uorlikin dediklərini çox mənfi qarşıladı. Düzdür, mənfi qarşılamağa bir əsası yoxdur. Bütövlükdə bəyanatlar bizim xeyrimizə şans yaradır. Amma Uorlikin bəyanatının sonuncu bənddində göstərilir ki, Dağlıq Qarabağda referendum keçirilə və müstəqillik verilə bilər. Ona görə də biz bu istiqamətdə növbəti danışıqlar edə bilərik. Qarabağ məsələsinin həlli üçün ABŞ-ın irəli sürdüyü prinsipdən istifadə edib növbəti mərhələni çevik diplomatiya ilə həll etmək olar".