“Valyutalar müharibəsi” Azərbaycanı da təhdid edir

22 May 2014 10:53 (UTC+04:00)

Dünya iqtisadiyyatının son qlobal böhrandan sonra özünə hələ tam gələ bilmədiyi bir vaxtda "valyutalar müharibəsi" təhdidi yenidən baş qaldırmağa başlayıb. Məhz belə bir vaxtda Avropa Mərkəzi Bankının sədri Mario Draqi də bəzi aparıcı dünya ölkələrini milli valyutalarını ucuzlaşdırmaqda itiham edib. Onun sözlərindən belə bəlli olur ki, ABŞ, Çin, Yaponiya, hətta Avropa Birliyi bilərəkdən milli valyutalarının məzənnəsini aşağı salır. Bu da "valyutalar müharibəsi"ni tətikləyir. Ekspertlər də söylənilən fikirlərlə razıdırlar. Aparılan "valyutalar müharibəsi"ndə məqsəd istehsal edilmiş məhsulun ixrac potensialının artırılmasıdır. Lakin bu, digər dünya ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, ümumiyyətlə, zaman-zaman dünya iqtisadiyyatında "valyutalar müharibəsi" olub: "Ayrı-ayrı ölkələr öz məhsullarının satışını təmin etmək, iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaq üçün milli valyutlarının məzənnəsini aşağı salmağa çalışırlar. Bu halda onların ixrac imkanları daha da genişlənir. Yəni, ixracı stimullaşdırmış olurlar. Bu da ölkədə satılan məhsulların həcmini artırır və ölkəyə əlavə vəsait gəlir. Lakin nəzərə alaq ki, hələ dünya iqtisadiyyatı 2008-ci il böhranından tam qurtula bilməyib və hələ də böhranın təsirləri özünü göstərir. Proses ağır gedir. Yəni, dünyada enerji daşıyıcılarının qiymətinin yüksək olması məhsulların qiymətini qaldıran amil kimi çıxış edir. Xüsusən son illər Çin, Hindistan, Brazilya kimi ölkələrin sürətli inkişafı onların rəqabət qabiliyyətini artırıb. Böhran keçirən Avropa, ABŞ üçün isə bu, iqtisadi rəqabət şəraitində bir problemə çevrilir. Böhranın təsirlərinin azaltmağın yolu milli valyutanın məzənnəsinin aşağı salınmasıdır. Uzun illərdir ki, artıq ABŞ bu siyasəti həyata keçirir. Zaman-zaman avro ilə dollar arasında olan məzənnə fərqinin dəyişməsinin özü buna nümunədir. Avropa çalışır ki, avronun məzənnəsini bir qədər aşağı salmaqla Avropada istehsal olunan məhsulların ixrac imkanlarını genişləndirsin. Yəni, faktiki olaraq bu, öz ölkələrində olan inflyasiyanı kənara ixrac etmək deməkdir. Bununla da müəyyən üstünlüklər əldə edəcəklər. Belə proses zaman-zaman gedir. Əsasən də aparıcı ölkələr arasında olur".

Valyuta mübarizəsinin Azərbaycana təsirinə gəldikdə, ekspert qeyd etdi ki, Azərbaycan gəlirlərinin əsas hissəsini neft satışından əldə edir: "Neftin qiymətinin yuxarı səviyyədə olması baxımından hələ ki bu mübarizə Azərbaycan üçün böyük itkilər vəd etmir. Çünki, nəzərə alaq ki, bu gün Azərbaycanın ixrac məhsullarının əsas hissəsini neft və neft məhsulları təşkil edir. Əlavə ixrac da xammaldır. Hansı ki, dünya bazarında bunların da qiymətləri hələ yüksək olaraq qalır. Bu, indiki "valyutalar müharibəsi"ndə Azərbaycana mənfi təsir etmir. Lakin proses Azərbaycan başqa tərəfdən təsir edə bilər. Çünki, belə vəziyyət həmin ölkələrin istehsal etdiyi məhsulların çox yayılmasına şərait yaradır. Bu da Azərbaycanda yerli istehsala mənfi təsir edə bilər".

Digər iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ABŞ-da mərkəzi uçot dərəcəsi minimum həddədir: "Çin isə ümumiyyətlə, hamının başına bəladır. Çünki, ABŞ və Avropa Birliyində kütləvi istehsal malları Çindəki qədər deyil. Amma Çin dünya bazarını əsas kütləvi istehsal malları ilə təmin edir. Çin kimi ölkədə uçot dərəcəsinin aşağı salınması onsuz da ucuz olan malların qiymətini lap aşağı salır. Yəni, ixrac daha sürətlə stimullaşır. Əgər böhrandan əvvəlki illərdə bu sahədə əsas rəqabət ABŞ ilə Avropa Birliyi arasında gedirdisə, son zamanlar hər ikisinin ortaq rəqabət tərəfdaşı Çindir".

Ekspert bildirdi ki, "valyutalar müharibəsi" Azərbaycanın əsasən valyuta ehtiyatlarına təsir edə bilərdi: "Lakin valyuta ehtiyatlarımız diverfikasiya şəklində yerləşdirib. Bu siyasət əvvəlcədən düşünülüb. Bizim valyuta ehtiyatlarımızın bir qismi hətta qiymətli kağızlar formasında da yerləşdirilib. İlk növbədə "valyutalar müharibəsi"nin dünya maliyyə bazarında nə kimi nəticələrə gətirib çıxaracağını proqnoz etmək lazımdır. Burada elə də ciddi bir təlatüm gözlənilmir. Çünki, bu ölkələr son anda razılığa gələcəklər. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün də elə bir təhlükə yoxdur. Azərbaycanın əsas ixracatını neft və neft məhsulları təşkil edir. Onlar da ABŞ dolları ilə satılır. Ona görə bizim üçün də elə bir təhlükəsi yoxdur".