Xarici ali məktəblərdə təhsil almaq üçün sənəd qəbulu başladı

22 May 2014 12:10 (UTC+04:00)

Bu gündən etibarən xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşları üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə başlayıb. Bu barədə Movqe.az-a  Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqəyə sənədlərin qəbulu bu gündən avqustun 8-dək elektron ərizə vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 08.08.2014-cü il, saat 23:59-dur.

 

Müsabiqədə iştirak üçün müraciətlər şəxsən nazirliyə gələrək və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 7-10 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. İddiaçılar elektron ərizə vasitəsilə müraciətlərinin mövcud vəziyyəti və mərhələləri barədə məlumatlandırılacaqlar.

 

Elektron qaydada təqdim olunan sənədlərin əslini (və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz. Nazirliyə təqdim olunacaq sənədlər geri qaytarılmır. Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr nazirliyə daxil olduqdan sonra "Dövlət Proqramı təqaüdçüsü" adına layiq görülmüş şəxslərin siyahısı müvafiq internet səhifələrdə açıqlanacaq.

 

Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir. Bundan əlavə, Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış, Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin birindən qəbul məktubu almış və ya hazırda təhsil alan, dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini yüksək səviyyədə bilən iddiaçılar sırasından seçilir.