ANS-ə ayrılan pul dayandırıldı- MTRŞ-dən qərar
22 May 2014 13:15 (UTC+04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) milli
televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına
maliyyə yardımını dayandırıb. Bu barədə Publika.az-a MTRŞ sədri
Nuşirəvan Məhərrəmli məlumat verib. Onun
sözlərinə görə, ötən ilin aprelində televiziya kanallarına ayrılan
6 milyon manat vəsait ANS televiziya kanalı tərəfindən təyinatı
üzrə xərclənməyib. N.Məhərrəmli deyib:
"Demək olar ki, hər bir özəl televiziya kanalına 1 milyon manat
vəsait ayrılmışdı. Əksər televiziya kanalları bu vəsaiti səmərəli
formada xərcləsə də, ancaq ANS televiziya kanalı həmin vəsaitlərin
xərclənilməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib. Yəni
ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib,
sənədləri 5-6 ay əvvəl tərtib edib, pulları təyinatı üzrə
xərcləməyib və sairə. Ancaq digər televiziya kanallarında isə
vəsaitin xərclənilməsində problem yaranmayıb. Yalnız ANS televiziya
kanalı problemlər yaradıb. ANS
TV-nin pul mənimsəməsi faktının olub-olmaması barədə isə indidən
heç bir söz deyə bilmərəm. Çünki pul mənimsənilməsi faktını biz
müəyyən edə bilmərik. Bunu hüquq-mühafizə orqanları
müəyyənləşdirməlidir. Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu
üçün ANS telekanalına pul yardımını dayandırdıq. Əgər ANS mövcud
nöqsanları nə vaxt aradan qaldırarsa, o zaman da yardımın edilməsi
bərpa olunacaq. Çox təəssüf ki, bizim bu qərarımızdan sonra ANS
bizə deyəcək ki, guya qərəzliyik və sairə. Ancaq ortada konkret
fakt var və onlara oktyabr ayında verilən vəsaiti sonrakı vaxtlarda
xərcləməli idilər. Ancaq ANS sənədləri 5-6 ay əvvəl üçün tərtib
edib. Bu isə ciddi qanun və maliyyə pozuntusudur. Biz ANS-dən bu
nöqsanları qısa müddətdə aradan qaldırılmasını tələb etmişik. Biz
heç bir telekanallara qarşı qərəzli deyilik. İndiyədək hər bir
telekanala, o cümlədən ANS-ə bərabər şəraitdə vəsait ayrılıb. İndi
də Cənab Prezidentin sərəncamı ilə telekanallara 200 min manat
vəsait ayrılıb. Həmin vəsait isə nəzərdə tutulan vaxtda
telekanallara ödəniləcək. Sənədləri qaydasında olan bütün
televiziya kanalları pullu vaxtında alacaqlar. Burada heç bir
problem ola bilməz. Biz bu məsələdə tam bərabər şərait yaradırıq".
Xatırladaq ki, ötən gün Milli Televiziya və Radio
Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan
Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə
yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası
prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən milli
telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi
məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb. Milli
Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların
çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl
yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində
maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.