Azərbaycan enerji diplomatiyasında daha bir möhtəşəm yeniliyə imza atmağa hazırlaşır

22 May 2014 13:57 (UTC+04:00)

Azərbaycan təkcə neft və qaz hasil edib, onu dünya ölkələrinə satmaqla məşğul deyil. Ölkəmiz həm də bu sahədə mövcud olan infrastrukturu, neft-qaz kəmərlərindən başqa dövlətlərin yararlanmasını da həyata keçirməyə hazırdır və mühüm tranzit mövqedə yerləşir. Bu fonda bir müddət əvvəl xarici işlər naziri Elmar Məmmədyarovun timsalında Azərbaycan rəsmiləri İraq tərəfə bəyan edib ki, bu ölkənin neft-qazının dünya bazarına çıxarılması üçün öz infrastrukturunu təqdim etməyə hazırdır.

Xatırladaq ki, dünya miqyasında yanacağa olan tələbatın artması ona nəzarət uğrunda mübarizəni də kəskinləşdirib. Hazırda Avropa əsasən Rusiya qazı və neftindən asılıdır. Avropanın qaza olan tələbatının 40 faizi Rusiya hesabına ödənilir. Belə vəziyyətdən isə Kremldə oturanlar sui-istifadə edərək, Avropanı öz təsir dairəsinə salmağa çalışır. Bu hal həm də Moskvaya yanacağın daha yüksək qiymətini təqdim etməyə də imkan verir. Ona görə də, ABŞ başda olmaqla Qərb alternativ enerji mənbələri axtarmaq zorundadır. Alternativ qaz və neft mənbələri sırasında Türkmənistan, İraq kimi ölkələr xüsusi önəm daşıyır. Lakin məsələ ondadır ki, karbohidrogen ehtiyatlarına malik bir sıra ölkələr infrastruktur baxımından korluq çəkir. Bu mənada İraq, o cümlədən Türkmənistan üçün Azərbaycanın təqdim etdiyi infrastruktur olduqca əlverişli sayıla bilər.

Neft və qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, indiki halda İraq yalnız öz neftinin ixracı ilə bağlı olaraq Azərbaycan infrastrukturundan yararlanması prosesi sürətlənə bilər: "Rusiyanın bir il ərzində Avropaya istiqamətləndirdiyi toplam neftin ümumi miqdarı 150 milyon tondur. Avropanın neftə olan illik tələbatı isə hardasa 520-530 milyon ton civarındadır. Onun da böyük hissəsi Rusiya hesabına ödənilir. Bir neçə gün öncə Səudiyyə Ərəbistanı rəsmiləri də bəyanatla çıxış edərək bildirdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bu ölkə öz imkanlarını ortaya qoymağa hazırdır. Yəni, Ukraynada baş verən hadisələrlə bağlı olaraq Rusiyanın enerji sektoruna qarşı ciddi sanksiyalar tətbiq olunarsa, bu halda Səudiyyə Ərəbistanı sutkalıq hasilatı artıra bilər. BP və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına istinad etsək, Səudiyyə Ərəbistanının hazırda sutkalıq hasilatı 9,6 milyon barreldir. Bu ölkə rəsmiləri isə həmin rəqəmi 12,5 milyon barrelə çatdıra biləcəklərini bəyan edib. İkinci bir tərəfdən, İraqın özündə də neft hasilatının artırılması istiqamətində əməli tədbirlər görülür. Orada sutkalıq hasilat artıq 4 milyon barrel səviyyəsindədir. İraq milli neft şirkəti "Soma" uzunmüddətli perspektivə hesablanan belə bir qərar qəbul edib ki, yaxın bir neçə ildə ölkənin sutkalıq neft hasilatını 7-8 milyon, növbəti illərdə hətta 9 milyon barrelə qədər qaldıracaqlar. Bu isə olduqca ciddi rəqəmdir. İraqda sutkalıq hasilat 7 milyon barrelə çatarsa, bu halda Avropanın xam neftə olan ehtiyacını ödəmək mümkündür. İkinci bir tərəfdən, Azərbaycanın sutkalıq hasilatı yüksək səviyyədə olmasa da, ən yuxarı hədd olaraq 2009-2010-cu illərdə Bakı-Ceyhan vasitəsilə hardasa 36-39 milyon ton neft ixrac etmişik, ölkəmizdə ciddi infrastrukturlar mövcuddur. İraq, İran, Türkmənistan, Qazaxıstan Azərbaycanın mövcud infrastrukturundan, ixrac kəmərlərindn istifadə edə bilər. Bunun üçün münbit şərait var. Bu yaxınlarda energetika naziri Natiq Əliyev də çıxışında bildirdi ki, Azərbaycan öz kəmər diplomatiyasında, yanacaq-enerji siyasətində həmişə qonşu ölkələr, əsasən də Türkmənistanla Qazaxıstanı da nəzərə alır. Bu isə o deməkdir ki, Azərbaycan öz ixrac kəmərlərində həmişə Türkmənistanla Qazaxıstanın ixrac tədbirləri üçün də müəyyən yer ayırıb. Artıq bir neçə ildir ki, Qazaxıstanın xam nefti Azərbaycan üzərindən Avropaya ixrac olunur. 3 ilə yaxın vaxtdır ki, Türkmənistan nefti də anoloji marşurutla Qərbə daşınır. Bu mənada İraq da Azərbaycana məxsus kəmərlərdən istifadə edə bilər. Baxmayaraq ki, əvvəldən də İraq neftinin Avropaya ixracı üçün Türkiyə üzərindən keçən kəmər var. Hansı ki, bu kəmər də İsgəndərum limanına yönləndirilir. Bütün bunlara baxmayaraq, təbii ki, İraq da Azərbaycanın Türkiyə ərazisindən keçən ixrac kəmərlərindən neftini Qərbə satmaq üçün yararlana bilər. İndilkdə isə İraqda qaz hasilatı yoxdur".

Ekspert İlham Şaban isə düşünür ki, həmin prosesin sürətlənməsi ancaq on ildən sonra daha geniş vüsət ala bilər: "Azərbaycan İraqın öz infrastrukturundan istifadə edə bilməsi fikrini dilə gətirərkən qeyd etmişdi ki, onun infrastrukturu Rusiyada olduğu kimi qapalı deyi, açıqdır. Ona görədir ki, hazırda Bakı-Tiflis-Ceyhan neft kəmərindən qonşu ölkələr, Qazaxıstan. Türkmənistan da istifadə edir. TANAP-ın istifadəsindən sonra da qonşu ölkələr bu kəmərdən də yararlana bilər. Yəni bu kəmər təkcə bir yatağın işlənməsinə hesablanmayıb. Ondan başqalarının da uzun müddət yararlanması nəzərdə tutulub. Bir layihəyə regionda bir çox maraqların cəmləşməsi ən doğru addımdır. On görə də, Azərbaycana məxsus infrastruktur başqa ölkələr üçün də maraqlıdır. İraqın həddən artıq çox neft və kəşf olunmamış qaz yataqları var. Bu qaz yaraqlarının açılmasına isə ən yaxşı halda on il var. İraqın karbohidrogen ehtiyatlarının bir hissəsinin Azərbaycan infrastrukturuna cəlb olunması TANAP layihəsinin rolunu birə beş artıracaq. Belədə, təkcə Xəzərdən deyil, Yaxın Şərqdən də ora qaz cəlb olunacaq. Belədə deməliyəm ki, Azərbaycan rəsmilərinin İraqı öz infrastrukturundan istifadəyə dəvət etməsi prosesə tamamilə yeni bir səpki verir".