Baş Prokurorluq internat uşağının döyülməsinə münasibət bildirib
22 May 2014 16:06 (UTC+04:00)
Baş Prokurorluq Suraxanı rayonunda yerləşən 7
saylı xüsusi internat məktəbində baş verən hadisəyə münasibət
bildirib. Baş Prokurorluğun mətbuat
xidmətinin rəhbəri Eldar Sultanov Movqe.az-a verdiyi məlumata görə,
Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı rayon Polis
İdarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi
üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib: "Material üzrə
müvafiq ekspertizalar - məhkəmə-tibbi, məhkəmə-psixoloji
ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb.
Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi
qiymət verilməklə, qanunamüvafiq qərarın qəbul olunması təmin
ediləcək. Hazırda material üzrə araşdırmalar rayon Prokurorluğunda
davam etdirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı
rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7
nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun
müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar
yayılıb. Təhsil Nazirliyi hadisə ilə
bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, may ayının 16-da saat
17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid
Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və
alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq
tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı
zədə nəticəsində səhəri gün onun gözlərinin altı
qaralıb. Təhsil Nazirliyinin
əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib.
Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş
verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN
və DİN-in əməkdaşlarına da söyləyib. Sonradan isə "youtube"də Nahid Cavadovun videosu yayılıb. O,
Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.