Təhsili qurban verilən qızlar

22 May 2014 17:45 (UTC+04:00)

"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız, bir qıza təhsil verməklə təhsilli bir ailə" deyərək sözlərini əməlilə də sübut edərək Azərbaycanda ilk qız gimnaziyasının yaradıcısı olan  Bakı milyonçusu, xeyirxah əməlləri ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyev əslində, necə də böyük bir ənənənin başlanğıcını qoymuşdu. O anlayırdı ki, xalqın inkişafı ancaq elmlə mümkündür. Bir halda ki, xalqı, milləti, ölkəni inkişaf etdirən, önə çıxaran savadlı övladları isə böyüdən qadınlar, analardır, demək ki, onların təhsil alması, savadlanması daha önəmlidir. Bu gün ölkəmizdə kifayət qədər savadlı, təhsilli, sorağı dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə Azərbaycan xanımı var. 

Lakin getdikcə narahatlıq predmetinə çevrilən, son illər artıq ciddi problemə dönməkdə olan  məsələ əsasən regionlarda qızların erkən yaşda məktəbdən, təhsildən uzaqlaşması və ya uzaqlaşdırılmasıdır. Əvvəllər bu ənənə ən çox cənub zonasında yayılmışdısa, indi  digər bölgələrə də sirayət edir. Aparılan maarifləndirmə işləri, görünən budur ki, effektli deyil. 

"Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova Movqe.az-a açıqlamasında təhsilsizliyin qızlar üçün yarada biləcəyi problemlər haqda danışıb: "Bu hal gələcək üçün ciddi problemlər yaradır. Birincisi, təhsilsiz qızın kifayət qədər məlumatının olmaması onun övladını vətəndaş kimi böyütməsinə maneçilik törədir. İkinci, öz övladı üçün yaxşı nümunə olmur.  Onun öz övladı qarşısında nüfuzu ola bilmir. Üçüncüsü, özü daim həssas vəziyyətdə olur. Çünki təhsilli olmadığına görə, istənilən tərəfdən onun hüquqları pozula bilir və həssas vəziyyətdə qalıb qurbana çevrilir. Bu amillərin sayın çoxaltmaq da olar. Təhsilsiz qadın əmlak hüququndan da məhrum edilə bilər. Ümumiyyətlə, belə qızlar öz gələcəyini müəyyən etmək, öz potensialını artırmaq, inkişaf etmək, istənilən mövzuda qərar qəbul etməkdə iştirakdan tam kənarda qala bilirlər". 

Mehriban xanım bildirib ki, artıq maarifləndirmə işlərindən əlavə, praktiki tədbirır görülməlidir: "Əslində, qızların erkən yaşda təhsildən yayınması ilə bağlı artıq kifayət qədər deyilir, danışılır, amma təcrübədə yenə bu hallar davam edir. Düşünürən ki, problemin həlli üçün maarifləndirmə işlərindən başqa, praktik fəaliyyətlər həyata keçirilməlidir. Bu ondan ibarətdir ki, yerlərdə bələdiyyə, QHT, KİV, hüquq-mühafizə orqanları, icra nümayəndələri, təhsil idarələrinin əməkdaşlarından ibarət işçi qrupu yaradılmalıdır. Bu işçi qrupu çevik olmalıdır. Monitorinqlər keçirilməli, təhsildən yayınan uşaqlarla iş aparılmalıdır. Orada psixoloq da olmalıdır. Faktlar vaxtında aşkarlanmalı, uşaqlar təhsilə qaytarılmalıdır. Əgər valideyn uşağı onun istəyindən kənar təhsildən yayındırırsa, o mütləq cəzalandırılmalıdır. Amma bu monitorinqlər mütəmadi olaraq aparılmalıdır. Və bununla bağlı həm mətbuata, həm də səlahiyyətli orqanlara məlumat verilməlidir". 

"XXI Əsrin Qadınları" ictimai birliyinin sədri Mahirə Əmirhüseynova isə regionalarda qızların erkən yaşda təhsildən uzaqlaşmasınə belə şərh etdi: "Məktəblərdə təhsil səviyyəsinin aşağı olmasını da burda əsas səbəb kimi önə çəkmək lazımdır. Bundan əlavə regionlarda qız uşaqlarının erkən yaşda nikaha cəlb olunması faktoru da ən başlıca səbəblər sırasındadır. Nikahla bağlı təhsildən yayınma halları bizim regionlaımızda hər zaman olub, indi də var. Bu, ictimai düşüncə ilə bağlıdır. 

Burda savadsız din adamlarının təbliğinin də insanlara təsiri var. Belə ki, çox yerlərdə düşünülür ki, qız məktəbə getməməlidir, başı bağlı olmalıdır, kişilərlə bir oturub durmamalıdır və s. Bu məsələ ilə bağlı ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda qızları məktəbə valideynləri buraxmırlar. Bu məsələyə həmin rayonun hüquq-mühafizə orqanları, sahə müvəkkilləri nəzarət  etməlidir. Çünki təhsilsizlik kifayət qədər ciddi məsələdir. Bəzən elə olur ki, qız adını belə yaza bilmir. Üstəlik nəzərə almaq lazımdır ki, təhsili qurban verilən qızların erkən yaşda qurduğu ailələr də uğurlu sonla nəticələnmir. Son illər boşanma hallarının çoxalmasında bu amilin xüsusi rolu var. Bir yandan da təhsilsiz qızları gözləyən başqa bir təhlükə insan alverinin qurbanına çevrilməkdir. Bütün bunları nəzərə alaraq, görülən işləri sürətləndirmək, genişləndirmək lazımdır. Əks halda qadınları gözləyən təhlükələr qaçılmaz olacaq".