Saxta spirtli içkilər problemi yenə baş qaldırır

23 May 2014 08:33 (UTC+04:00)

Aparılan araşdırmalar ölkədə spirtli içkilərin istehlak həcminin artmaqda olduğunu göstərir. Bu fonda isə işbazlar da fəallaşırlar. Bəzi işbazların isə əsas məqsədləri nə yolla olursa-olsun, çoxlu qazanc əldə etmək olduğundan, onlar saxta məhsul buraxmaqdan da çəkinmirlər. Bu zaman əhalinin həmin saxta məhsulları istehlak edərək, sağlamlıqlarına ziyan vurmaları isə onları qətiyyən narahat etmir. Araşdırmalara görə, hazırda da satış məntəqələrində saxta spirtli işkilər var. Saxta məhsulların dövriyyədən sıxışdırılıb çıxarılması, onların məhvi istiqamətində müvafiq qurumlar mübarizə aparsalar da, görünən odur ki, problem hələ də aktual olaraq qalır. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu qənaətdədir ki, satışda saxta spirtli içkilərin çox olması istehlakçı hüquqlarının dolğun şəkildə qorunmaması ilə bağlıdır: "Vaxtı keçmiş qidalar, o cümlədən, saxta, təhlükəli spirtli işkilər təəssüf ki, ölkə bazarlarında çoxalıb. Bunun səbəbi birtərəfli qaydada ancaq biznesin lobbiçiliyinin aparılması, istehlakçıların hüquqlarının qorunma siyasətinin zəif olmasından qaynaqlanır. Hazırki qanunvericiliyə görə, təhlükəli spirtli içki və digər malın satıldığı barədə istənilən quruma məlumat verilsə də, onların həmin obyektə cəld müdaxilə etmək səlahiyyəti yoxdur. Ona görə də, Avropa İttifaqı Azərbaycanda qidanın təhlükəsizliyinə dair qanunun qəbulunu və cəld reaksiya verən işçi qrupunun yaradılmasını təklif edib. Deməli, saxta spirtli içkilərin satışda tüğyan etməsinin ilk səbəbi müvafiq qurumların apardıqları səhv siyasətdən irəli gəlir. Həmin olaylara müdaxilə uzun prosedurdan ibarətdir. Ən tez operativ müdaxilə 1 sutka ərzində ola bilər. Hansı ki, bu müddət ərzində artıq istehlakçılar zəhərlənmiş olur. Müstəqil ekspertizanın olmaması da saxta məhsulların geniş yayılmasına stimul yaradır. Müstəqil ekspertizanın verdiyi rəy nə qədər ki, məhkəmələrdə tanınmır, sertifikat verən orqanla əhalinin sağlamlıq keşiyində duran orqan nə qədər ki, bir əldə cəmləşib, vəziyyət yaxşılığa doğru dəyişməyərək belə oalraq qalacaq".

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov qeyd etdi ki, mövcud qanunların real olaraq işlək olması saxta məhsul istehsalına ciddi zərbə vuracaq: "Yay aylarının gəlməsi ilə satışda olan keyfiyyətsiz su və saxta spirtli içkilərin sayı da artıb. İşbazlar tələbatın artmasından istifadə edərək, saxta məhsulların istehsalı istiqamətində həmin sahəyə diqqəti artırıb. Saxta məhsulların qarşısını almağın yolları var. Azərbaycanda "Sağlamlıq haqqında" və "Ərzaq təhlükəsizliyi haqqında" qanunlar var. Amma məsələ ondadır ki, qanunların olmasına rəğmən, onlar demək olar ki, işlək deyil. Qanunların icrası üçün yerli icra strukturları onun həyata keçməsində maraqlı olmalıdır. Lakin yerlərdə həmin qanunların həyata keçirilməsinə nəzarət demək olar ki, yox dərəcəsindədir. Hətta bəzi bu sahəyə cavabdeh məmurların həmin qanunların olmasından xəbərləri belə yoxdur. Saxta məhsular əsasən qəsəbə, kənd ərazilərində gizli yerlərdə buraxılır. Bu yerlərə isə icra nümayəndələri, bələdiyyələr, sahə müvəkkilləri nəzarət edir. Sözsüz ki, balaca bir qəsəbədə saxta məhsulların istehsal edilməsindən hər kəsin, o cümlədən, yerli strukturların da xəbəri olur. Ancaq məsələ ondadır ki, xəbərləri olsa da, nədənsə saxta məhsul buraxılmasının qarşısını almaq istiqamətində əməli addımlar atmırlar. Saxta məhsullardan, o cümlədən, belə spirtli işkilərdən zəhərlənmələrin nəticəsidir ki, ölkədə xəstələrin, deməli həm də, apteklərin sayı artır. Bu sahədə yaranan neqativ halların qarşısını almağın əsas yolu qanunların işləməsi və bunun üçün də yerli icra strukturlarının məsələyə göz yummayaraq, fəaliyyətə keçmələrindən keçir. Qonşu Gürcüstanda saxta məhsul istehsal edilən sex və müəssisələrdə, onu istehsal edən şəxs 5 il müddətinə cəzaya məhkum edilir. Həmçinin saxta məhsulun aşkarlandığı restoran, mağaza sahibinə də 5 il iş verilir. Yəni bu məsələdə Gürcüstanda cərimələr deyil, birbaşa cinayət məsuliyyəti nəzərdə tutulur. Çünki, saxta məhsul buraxan və onu satanlar birbaşa olaraq insan sağlamlığına qəsd edir. Azərbaycanda da bu istiqamətdə işləq qanunların olması vacibdir. Həmçinin, saxta məhsul buraxmağa görə, cəza da nəzərdə tutulmalıdır. Başqa bir tərəfdən, bu məsələdə birbaşa cavabdehliyi həm də yerli icra strukturu, bələdiyyə daşımalıdır. Belə olarsa, məsuliyyət artar və saxta məhsul istehsalı da xeyli dərəcədə aşağı düşər və insanların sağlamlığı da qorunar".