ABŞ-ın Azərbaycandakı səfiri: “Məqsədim daxili məsələlərə qarışmaq deyildi”

22 May 2014 23:05 (UTC+04:00)

"Mənim məqsədim daxili məsələlərə qarışmaq deyildi. Verdiyim müsahibəyə olan şərhləri oxudum. Çoxlu insan mənim dediklərimlə razılaşdı, çoxları da razılaşmadı. Bəziləri mənim dediklərimin bir hissəsi ilə razılaşdı, bəziləri isə yox".  

 

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçhard Morninqstar bəzi siyasətçilərin onun "Azadlıq" radiosuna verdiyi müsahibəyə sərt reaksiya vermələrinə münasibət bildirərkən deyib.

 

Səfir qeyd edib ki, hər kəsin öz fikirlərini bildirmək hüququ var: "Mənimlə razılaşa da bilərlər, razılaşmaya da. Hamı öz fikirlərini bölüşə bilər.  Əsas məqsədim balanslı mövqe saxlamaq, fikirlərimi balanslı şəkildə çatdırmaqdır. Əgər müsahibənin nəticəsi olaraq dövlət rəsmiləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında xoş niyyətli hansısa müzakirə baş versə, bu, müsbət hal olardı. Müzakirələr və debatlar cəmiyyətin bir hissəsidir".

 

R. Moninqstar qeyd edib ki, o, Azərbaycanın inkişaf etdiyini düşünür: "Mən keçmiş 20 il ərzində Azərbaycanda böyük bir irəliləyişin olduğunu xüsusilə qeyd etmək istərdim. Ümid edirəm ki, gələcək 20 ildə daha çox irəliləyiş olacaq".