Rusiya paytaxtında III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir

23 May 2014 14:48 (UTC+04:00)

Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı başlayıb.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konfransda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin müavini, general-mayor Ramiz Nəcəfov və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov təmsil edirlər.

 

Konfransın əsas mövzusu "rəngli inqilablar"ın yayılma problematikası, Şimali Afrika və Yaxın Şərqdə "ərəb baharı"nın nəticələri, Əfqanıstandan beynəlxalq qüvvələrinin çıxarılmasından sonra Mərkəzi Asiyada və digər regionlarda sabitlik və terrorizmlə mübarizə məsələləridir.

 

Konfransı giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada baş verən hadisələrin bütün Avropa üçün təhlükəli olduğunu söyləyib: "Ukraynada hazırda "rəngli inqilab" təşkil etmək cəhdləri müşahidə olunur. Bu ssenarinin əvvəllər həyata keçirilməsi cəhdləri digər MDB ölkələrində də müşahidə olunub".

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Ukraynadakı böhrana toxunub: "Əgər biz həqiqətən də Ukrayna xalqına kömək etmək istəyiriksə, böhranın uzanmasının, ksenofobiyanın və neonasist əhval-ruhiyyənin genişlənməsinin qarşısını almalıyıq".

 

Daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib.

 

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu və iranlı həmkarı Hüseyn Dehqanla ikitərəfli görüşləri planlaşdırılır.