Səbailli gənclərin VII Forumu keçirilib

23 May 2014 16:10 (UTC+04:00)

Səbail rayon İcra Hakimiyyətinin iclas zalında rayon iqtisadiyyatının bütün zümrələrində - elm, mədəniyyət, təhsil, səhiyyə, biznes və s. sahələrdə, hüquq-mühafizə orqanlarında çalışan, ali təhsil müəssisələrində təhsil alan gənclərin, həmçinin rayon rəhbərliyi, ağsaqqallar, veteranlar, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Səbail rayon gənclərinin VII Forumu keçirilmişdir.

Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının himnini ifa etmişlər.  

Tədbiri açıq elan edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov birlirmişdir ki, Səbail rayon əhalisinin təqribən 26,0 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.  

 Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov gəncləri  salamlayaraq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman ön sırada olmuşdur. Dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi və Ulu öndərin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.

Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir. 

Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın son illərdə gördüyü işlər və həyata keçirdiyi layihələr gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Asif Əsgərov Azərbaycan və eləcə də Səbail rayon gənclərinin son illrədə əldə etdikləri uğurlardan danışmışdır. 

Forumda çıxış edən Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Toğrul Niyazlı, 6 saylı tam orta məktəbin müəllimi Arzu Kazımova, Səbail İdman Klubunun məşqiçisi Xəyyam Orucuv, "Museum İnn" otelinin baş meneceri Akif Əhmədov, Azərbaycan Dövlət İqtisad Univeritetinin tələbəsi Murad Musayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları  əldə etdikləri uğurlar, görülən işlər, problemlər və onların həlli istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat vermişlər.

Forumda Azərbaycan Gənclərinin VII Forumuna Səbail rayonundan 27 nəfər nümayəndə seçilmiş, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olunmuşdur.

Forumun sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.