Ucuz otel müşkülü

24 May 2014 08:24 (UTC+04:00)

Turizm sektorunda artıq uzun müddətdir ki, özünü göstərən problemlərdən biri də ulduz sayı nisbətən az olan otellərlə bağlıdır. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Azərbaycanda 2, 3 və 4 ulduzlu otellərin sayının azlığı turizmə təsirsiz ötüşmür. Paytaxt Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən 126 oteldən yalnız 40-ı 3, 30-u 4 ulduzludur. Turizimin daha çox inkişaf etdiyi ölkələrdə 3 və 4 ulduzlu otellərin sayı 5 ulduzlulardan çox olur. Təbii ki, ölkəmizdə 5 ulduzlu otellərin sayının çox olması da məqbul haldır. Bakının ən gözəl binaları arasında 5 ulduzlu otellər xüsusi yer tutur. Bu otellərin əksəriyyəti biznes turizmi üçün nəzərdə tutulub. Və belə mehmanxanalar çox vaxt boş qalır. Araşdırmalar göstərir ki, sadəcə gəzməyə, ölkəni tanımağa gələn turistləri 5 ulduzlu otellərdəki qiymət qane etmir.

Bu səbəbdən turizmin nəbzinin tutulmasında və dünyanın sadə insalarının ölkəmizə cəlb edilməsində qiymət baxımında 3 və 4 ulduzlu otellərin tikilməsi və sayının artırılması vacib şərtlərdəndir. Hətta bu sıra 1 və 2 ulduzlu otellər də əlavə olunur. Eyni zamanda qiymətlərin daha sərfəli sayıldığı pansionatlar da bura əlavə oluna bilər. Dünya ölkələrində daxili turizm biznesinin əsas dayağı məhz ucuz otellərin və pansionatların çox olmasıdır. Bu obyektlər həm daxili turistlərin, həm də xarici qonaqların axınını təmin edir. Buna ən yaxşı nümunə qonşu Türkiyənin təcrübəsidir. Elə hökumət də az ulduzlu otellərə ehtiyac olduğunu etiraf edir. Mədəniyyət və Turizm Nazirliyi də nisbətən ucuz 2 və 3 ulduzlu otellərin, qest-hausların açılmasında maraqlıdır.

Araşdırmalar göstərir ki, Bakı şəhərində 2 və 3 ulduzlu otellərə tələbat daha çoxdur və getdikcə də bu tələbat artacaq. Çünki Azərbaycanın iqtisadi qüdrəti artdıqca, Bakı şəhərinin nüfuzu da yüksəlir. Bu isə şəhərimizin qonaqlarının sayının çoxalmasına rəvac verir. Artıq paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 5 ulduzlu otellərimiz var. Bu baxımdan, artıq 2 və 3 ulduzlu otellərə tələbat artıb. Digər tərəfdən turist axınının çoxalması otellərə olan tələbatın artması ilə müşayiət olunur. Lakin b uturistlərin bir çoxu ucuz otellərdə qalmaqda maraqlıdır.

Araşdırmalar göstərir ki, büdcələrinin az qala yarısını turistlərin hesabına dolduran ölkələrdə qonaqlara daha çox 2, 3 və 4 ulduzlu otellər təklif olunur. Çünki sadə turistləri daha çox gəzmək, şəkil çəkdirmək və alış veriş etmək maraqlandırır. Mütəxəsislərin fikirincə, ölkəyə daha çox turistin cəlb olunması, 2, 3 və 4 ulduzlu otellərin artması işsizliyin daha da azalmasına təsir göstərə bilər. Belə otellərdə yerli turistlər də rahatlıqla istirahət edə bilərlər. Bundan başqa otellərdə qiymətlərin daha da aşağı salınması istiqamətində addımlar atılması vacib sayılır. Ekspertlər hesab edir ki, otel qiymətlərinin aşağı salınması üçün bu istiqamətdə hökumət müəyyən işlər görməlidir. Məsələn, otellərdən tutulan vergilərin azaldılması təklif olunur. Bəzi ölkələrdə turizm sektoru üçün ƏDV 7 faizdir. Ölkəmizdə otellərdən ƏDV-nin bu həddə qədər azaldılması məqbul sayılır. Bundan başqa, hesab olunur ki, Azərbaycanda turizm şirkətlərinə, təkcə ƏDV sahəsində deyil, əmtəə və gəlir vergisi sahəsində də güzəştlərin edilməsi vacibdir.

Həmçinin, bel əfikirlər də səslənir ki, az ulduzlu otellər üçün qiymətlərin tənzimlənməsi iş adamlarının bu tip otellərin də tikilməsinə marağının artması ilə nəticələnə bilər. Belə ki, dövlət tətəfindən az ulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq edilməsi mümkündür. Eyni zamanda Sahibkarlığın İnkişafına Yardım Fondu sahibkarlara bu otellərin tikintisi üçün güzəştli kreditlər təklif edə bilər. Bunlar imkan verəcək ki, sahibkarlar verilən güzəştlərdən faydalanıb az ulduzlu otellərin də inşasında maraqlı olsunlar. Bu səbəbdən, dövlətin bu işə müdaxiləsi zəruri sayılır. Beləliklə, dövlətin müdaxiləsi və güzəştli kreditlərin verilməsi sahibkarları az ulduzlu otellərin inşasına stimullaşdıra bilər. Bütün bunlar isə ölkəyə daha çox tursit axınını stimullaşdıra bilər.