Qarabağ münaqişəsinin həlli reallaşır?!

24 May 2014 08:38 (UTC+04:00)

Son günlər amerikalı diplomatlar, hətta prezident Barak Obama səviyyəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı diqqətçəkən açıqlamalar verilməkdədir. Xatırladaq ki, bu günlərdə Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik Qarabağ münaqişəsinin həlli üçün 6 bəndlik təklif irəli sürdü. Səfir Riçard Morninqstar da öz növbəsində həmsədrin təkliflərinin ABŞ-n mövqeyi olduğunu təsdiqlədi. Ən nəhayət prezident Barak Obama "Respublika Günü" münasibəti ilə azərbaycanlı həmkarına göndərdiyi təbrik məktubunda ABŞ dövlətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazır olduğunu vurğalayıb. Bütün bunlar ilkin analizdə ABŞ-ın Qarabağ məsələsinin həllində fəallaşacağını ehtimal etməyə əsas verir. Siyasi təhlilçilər ABŞ-ın bu aktivliyini regionda son vaxtlar Rusiyanın aqressiv siyasətinə cavab kimi də izah edirlər.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, indiki şəraitdə ABŞ-ın müəyyən qədər aktivləşməsi təsadüf deyil: "Bu, təkcə Azərbaycanın xatirinə verilmiş quru siyasi bəyanatlardan ibarət deyil. Bu, regionda dəyişən yeni düzənlə bağlıdır. Krımın işğalından sonra dövlətlərarası münasibətlərə zərbə dəydi. Dünyada xaotik vəziyyət yarandı. Yəni, istənilən ölkə başqa bir ölkəni özünə birləşdirə bilər. Bu da dünyanı hüquqi nihilizmə gətirə, üçüncü dünya müharibəsinə qədər daşıya biləcək hadisədir. Eyni zamanda postsovet məkanında Rusiya tərəfindən süni şəkildə yaradılmış münaqişələr böyük təhlükə mənbəyidir. ABŞ anlayır ki, sabah Rusiyanın maraqlarına uyğun olmayan bir vəziyyət yarananda, Dağlıq Qarabağ münaqişəsindən Rusiya istifadə etməyə çalışacaq. Bu da öz növbəsində zəncirvari reaksiya ilə bütün dünyaya sirayət etmə təhlükəsini özündə daşıyır. Yəni, artıq qlobal təhlükəsizliyi təhdid edən hadisələrdir. Ona görə ABŞ-ın özünün təhlükəsizliyi, bütövlükdə qlobal və regional təhlükəsizlik naminə anlayır ki, münaqişələr tezliklə həll olunmasa, gələcəkdə daha böyük təhlükə mərkəzlərinə çevrilə bilər. Odur ki, ABŞ məsələdə həssaslaşıb. C. Uorlikin dili ilə konkret prinsiplər ortaya qoyub. ABŞ məsələyə təsir edə, xüsusi ilə Rusiyanı tədricən bu porseslərdən çıxarda bilər. Avropa Birliyi də bu məsələdə ABŞ-ın mütəffiqidir. Bu gün Qərb-Rusiya qarşıdurması çərçivsində Rusiya sonda uduzan tərəf olacaq. Bu prosesdən, hətta Cənubi Qafqazdan Rusiya tədricən sıxışdırılıb çıxardıla bilər. Belə olan təqdirdə münaqişəni çözmək asan olcaq. ABŞ-ın indiki maraqları Azərbaycanın dövlət maraqlarına uyğundur. ABŞ prosesi tədricən həllə doğru götürəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, əslində, ABŞ-dan heç bir addım yoxdur: "Söhbət sadəcə, bənddən və sözdən gedir. Əlbəttə, bəyanat bizim xeyrimizədir. Uzun illər həmsədrlər, amerikalı diplomatlar Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılmasını dillərinə gətirməyiblər. Amma indi C. Uorlikin açıqladığı prinsiplər mərhələli həll planını tələb edir. Səfir Morninqstarın da 7 rayonun azad edilməsini dilə gətirməsi bizim siyasətə uyğundur. Biz də tələb edirik ki, münaqişə mərhələli həll üzrə istiqamətlənməlidir. İlkin olaraq rayonlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı, təhlükəsizliyinə təminat verilməlidir. Sonra isə status məsələsi müzakirəyə çıxarıla bilər. Ancaq hələlik ABŞ-dan real addımlar yoxdur. B. Obama ikinci prezidentlik müddəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə real maraq göstərməyib. Bu illərdə heç ABŞ-da prezidentlərin görüşünü də təşkil edilməyib. Əgər bu istiqamətdə ciddi addımlar atılarsa, ABŞ əməldə də Dağlıq Qarabağın ədalətli həllinə maraq göstərmiş olacaq".

Ekspert əlavə etdi ki, ABŞ tərəfindən sözdə fəallaşma Ukraynadakı hadisələrdəki gərginlikdən doğub: "Gördülər ki, Rusiya Krımı işğal etdi, indi də Ukraynanın şərqini parçalamağa çalışır. Rusiya digər istiqamətlərdə də fəallaşa, Cənubi Qafqazda dağıdıcı fəaliyyətə keçə bilər. Ona görə ABŞ haqlı olaraq düşünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli lazımdır. Bu, Rusiyanın əlindən güclü alətin çıxmasına şərait yaradır. Amma ABŞ bunu istəyirsə, real fəaliyyətə keçməlidir".