Nazirlik rüşvət alan həkimlə bağlı komissiya yaratdı - Video

23 May 2014 19:20 (UTC+04:00)

Səhiyyə Nazirliyi Elmi Cərrahiyə Mərkəzində həkim işləyən Elnur İmanov və Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun rüşvət alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a  açıqlamasında deyib ki, hər iki fakt Səhiyyə Nazirliyi tərəfindən araşdırılacaq. Onun sözlərinə görə, bununla bağlı xüsusi komissiya yaradılıb və məsələ araşdırılır: "Araşdırma zamanı müvafiq şəxslərin nazirliyə çağırılması və ya nazirlikdən mütəxəssislərin yerlərdə müəyyən araşdırma aparması nəzərdə tutulur. Məsələ yaradılan xüsusi komissiya tərəfindən araşdırılacaq və hər hansı bir qanun pozuntusu aşkar olunarsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunacaq". 

Qeyd edək ki, bəzi mətbuat orqanlarında mayın 21-də M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkimi Elnur İmanovun İmişli şəhər sakini Sadiq Abbasovdan 1 yaşlı qardaşı qızı Tənzilə Abbasovanın əməliyyat etmək üçün 4000 manat pul tələb etdiyi barədə məlumat yayılıb.

 

Bildirilib ki, ailənin pulu verməyə imkanı olmadığı üçün həkim tərəfindən əməliyyatdan imtina olunub. Bundan əlavə, bu gün Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstənin yaxınlarından rüşvət istəməsi ilə bağlı video görüntülər yayılıb.