Azərbaycan kinosu tarixində ilk
24 May 2014 10:19 (UTC+04:00)
May ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq
Kinofestivalı keçirilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş Azərbaycan
pavilyonu fəaliyyət göstərir.
Milli filmlərimizin nümayiş olunduğu pavilyonda
prodüserlər, rejissorlar, aktyorlar və xarici kino adamları ilə
görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Ölkəmizin
turizm imkanlarını təbliğ edən çap və video materiallar
ziyarətçilərə nümayiş etdirilir.
Mayın 23-də Bakı vaxtı ilə saat 14:00-da
Festivallar sarayının Debüssi zalında, Azərbaycan kinosu tarixində
ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa
metr" proqramına daxil olmuş, dövlət sifarişi ilə "Azərbaycanfilm"
kinostudiyası və "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu"
bədii filminin nümayişi olub.
Ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr"
müsabiqə proqramının beş filmi bu gün nümayiş etdirilib və
Azərbaycan filmi sonda - beşinci film olaraq tamaşaçılara təqdim
olunub.
Filmlər arasında izləyicilərin ən çox alqışlarını
da məhz "Sonuncu" filmi qazanıb.
Nümayişdən sonra filmlərin rejissorları səhnəyə
dəvət olunub, dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami
başda olmaqla münsiflər heyəti tamaşaçılara təqdim
edilib.
"Sonuncu" filmi mayın 23-də Bakı vaxtı ilə saat
19:30-da Festivallar sarayının Debüssi zalında yenidən nümayiş
olunub. Müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış
mərasimində məlum olacaq.
Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey
Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin,
prodüserləri Mariya İvanova, Nəsib Priyev və Müşfiq Hətəmovdur.
Filmdə İdris Rüstəmov və Corc Qafarov kimi aktyorlar
çəkiliblər.