“10 uşaq müəssisəsində monitorinq aparılacaq”
24 May 2014 18:00 (UTC+04:00)
"Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar
üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı
il təvəllüdlü Cavadov Nahid Zaur oğlu ilə bağlı hüquq-mühafizə
orqanları araşdırma aparır, ekspertiza təyin edilib. Əldə edilən
nəticələrə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi mövqeyini bildirəcək".
Movqe.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur
Sofiyeva deyib.
A.Sofiyeva bildirib ki, internat məktəblərində və digər uşaq
müəssisələrində belə halların baş verməsinin qarşısının alınması
istiqamətində işlər görülür: "Nazirlər Kabineti yanında baş nazirin
müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya
nəzdində Monitorinq Qrupu fəaliyyət göstərir. Monitorinq Qrupunda
Dövlət Komitəsi ilə bərabər, Təhsil, Səhiyyə, Əmək və Əhalinin
Sosial Müdafiəsi, Daxili İşlər, Gənclər və İdman, Mədəniyyət və
Turizm nazirliklərinin və digər müvafiq qurumların nümayəndələri
var. Keçən il 10 müəssisədə monitorinq aparılıb. Bu il də
Monitorinq Qrupu siyahı təqdim edib və siyahı təsdiqlənib. Cari
ildə də 10 uşaq müəssisəsində monitorinq aparılacaq".
A. Sofiyeva keçən il monitorinq aparılan uşaq müəssisələrində
nəticələrin yerində aktlaşdırıldığını və Komissiyaya təqdim
olunduğunu bildirib. Onun sözlərinə görə, Komissiyanın iclasında bu
nəticələr müzakirə olunub: "Bu uşaq müəssisələrində hər şeyin əla
olduğunu söyləmək düzgün olmazdı. Keçən il uşaq müəssisələrində
monitorinq zamanı müəyyən mənfi hallar aşkarlanıb, ancaq ciddi
problem yaradacaq hal olmayıb.Uşaq müəssisələrində müəyyən mənfi
nüanslar aşkarlanıb".