Ana ölümü hadisələri ilə bağlı 10 tibb işçisi işdən çıxarılıb
24 May 2014 23:00 (UTC+04:00)
"Azərbaycanda ana ölümü hallarının sayı artmayıb.
Bu ilin beş ayı ərzində ölkədə 10 ana ölümü qeydə alınıb ki, bu da
keçən ilin müvafiq dövründə baş verən hadisələrdən artıq deyil".
Movqe.az Trend-ə istinadən xəbər verir ki , bunu açıqlamasında
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla
Rzaquliyeva deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən
hər bir ana ölümü hadisəsi 12 nəfər yüksək ixtisaslı mütəxəssisdən
ibarət Komissiya tərəfindən ciddi araşdırılır. Ana ölümündə
təqsirli olan hər bir tibb işçisi barədə müvafiq tədbirlər görülür.
Cari ilin əvvəlindən bu hadisələrlə bağlı 9-u həkim, 1-i orta tibb
işçisi olmaqla, 10 nəfər vəzifəsindən azad edilib, 31 nəfərə qarşı
inzibati tənbeh tədbirləri görülüb: "Ümumiyyətlə, doğuşayardım
xidməti Səhiyyə Nazirliyinin prioritet sahələrindən biridir və daim
diqqət mərkəzindədir. Xidmətin gücləndirilməsi məqsədilə Respublika
Perinatal Mərkəzinin direktoru və baş həkimi işdən azad edilib.
Mərkəzin rəhbərliyinə daha güclü və məsuliyyətli mütəxəssislər
təyin edilib".
Komissiya sədri bildirib ki, respublikanın 2
rayonunun baş mama-ginekoloqları, Bakı Şəhər 3 saylı Klinik
Xəstəxanasının doğum şöbəsinin müdiri vəzifələrindən azad
olunublar.
L.Rzaquliyeva onu da əlavə edib ki, Doğuşayardım
Komissiyasının may ayının 22-də keçirilən son iclasında Ağstafa
Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində və Sabirabad Perinatal
Mərkəzində baş vermiş ana ölümü hadisələri təhlil edilərkən bu tibb
müəssisələrində doğuşayardım xidmətinin həyata keçirilməsində ciddi
nöqsanların olduğu aşkar edilib. Komissiya Ağstafa Mərkəzi Rayon
Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın və
Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovun tutduğu
vəzifədən azad olunması barədə qərar qəbul edib.
Bundan əlavə, ana ölümləri ilə əlaqədar aidiyyəti
olan Ağstafa rayon Müğanlı kənd sahə xəstəxanasının baş həkimi
İ.Sofiyevə xəbərdarlıq, mama-ginekoloq M.Qocayevaya töhmət,
Sabirabad Perinatal Mərkəzinin mama-ginekoloqları R.Rəsulova
şiddətli töhmət, O.Əmrahova və M.Yunusovaya töhmət verilməsi barədə
qərar verilib.
Komissiya sədrinin sözlərinə görə, Sabirabad
Perinatal Mərkəzində doğuşayardım xidmətinin gücləndirilməsi
məqsədi ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
mütəxəssisləri oraya ezam olunublar.
Bu il ərzində qeydə alınan ana ölümlərinin
səbəblərini də açıqlayan L.Rzaquliyeva bildirib ki, bu halların
çoxu hamiləliklə əlaqəsi olmayan patologiyalar nəticəsində baş
verib. Bunların ağırlaşmış fəsadlar olduğunu söyləyən L.Rzaquliyeva
deyib ki, hamilə qadınlarda qeyd olunan patologiyalar ana ölümü
riskini artırır.
Bunun qarşısının alınması üçün hamilələr vaxtında
qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər və belə
halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə
işləri aparılmalıdır.