Dünya çempionumuz amerikalı rəqiblə döyüşəcək
25 May 2014 12:05 (UTC+04:00)
Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman
növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov Asiyanın
ən reytinqli yarışı olan "One Fighting Championship" turnirində ilk
döyüşünü keçirəcək.
Movqe.az xəbər verir ki , "Qəbələ" idman
klubu mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin martında bu yarışda çıxış
etməyə qərar verən və təşkilatçılar tərəfindən qəbul olunan
idmançımız mayın 30-da Sinqapurda debüt edəcək.
Həmin gün Asiya ölkəsinin "Singapore Indoor
Stadium" arenasında 10 döyüş keçiriləcək. Günün əsas qarşılaşması
isə yarımorta çəki dərəcəsində olacaq. Təmsilçimiz Abbasov burada
Ben Askrenlə rinqə çıxacaq.
5 ildən artıqdır MMA döyüşlərində yer alan 28
yaşlı Abbasov 14-cü dəfə qüvvəsini sınayacaq. Abbasovun aktivində
ilk raundda qələbə qazandığı 13 döyüşü var. 177,8 sm boya malik
idmançımız 2011-ci ilin dekabrında "ProFC - Grand Prix Global
Finals" turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra
"ProFC" kəmərini qazanıb. Bəxtiyar Abbasov az sonra Şərqi Avropa
"ECSF - MMA Grand Prix" turnirində fransalı Youness Mikiss üzərində
qələbə əldə edib. Abbasov 2013-cü ildə "CWFC 58 - Cage Warriors
Fighting Championship" çərçivəsində MMA-nın ən təcrübəli
döyüşçülərindən olan braziliyalı Şarl Andradeni məğlub
edib.
Abbasov "PROFC-GPG" çempionu, pankration üzrə
dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, sambo üzrə dünya
çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya
çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə
Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə
Azərbaycan çempionu kimi titullara sahibdir. O, beynəlxalq dərəcəli
idman ustasıdır.
İdmançımızın rəqibi Askrenin 29 yaşı var. 178 sm
boya malik amerikalı MMA döyüşlərində 4,5 illik təcrübəyə malikdir.
Askren Bellator titulunu qorumaq uğrunda Andrey Koreşkovla
döyüşündən sonra ilk dəfə rinqə çıxacaq. Həmin döyüşdə isə
amerikalı texniki nokautla qalib gəlməklə titulunu qorumuşdu. Buna
qədər isə o, ardıcıl 6 döyüşdə qalib gəlmişdi. Onun hesabında Karl
"Psixo" Amossu, Duqlas Lima, Cey Heyron, Laymon Qud və Den Hornbakl
kimi döyüşçülər üzərində qələbələr var. Askren 2008-ci ildə Çində
keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə ABŞ-ı
təmsil edib. O, 2009-cu ildə qrepplinq üzrə dünya çempionu tituluna
sahib olub.
"One Fighting Championship" Asiyanın ən böyük
promouter kontorudur. 2011-ci ilin iyulunda yaradılan qurum
Sinqapurda qərarlaşıb. Həmin ilin sentyabrında ilk döyüşlərini
təşkil edən qurum 2 ildən artıq müddətdə Asiya MMA döyüşlərini yeni
səviyyəyə qaldırmağa müvəffəq olub.
Qeyd edək ki, B.Abbasov dünya reytinqində 129-cu,
rəqibi Ben Askren isə 5-cidir.