Pensiyaçılara şad xəbər

26 May 2014 12:05 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-dən Movqe.az-a verilən məlumata görə, mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 22-də tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub. Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 4 ay ərzində Fondun gəlirləri 957,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,4 faiz və ya 82,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artaraq 522,7 milyon manata çatıb. Bu daxilolmaların 64,9 faizi və ya 339,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz və ya 43,5 milyon manat çox olmaqla, proqnozun 105,2 faiz icra edildiyini göstərir. 2014-cü ilin 4 ayı ərzində Fondun xərcləri 941,3 milyon manat olub və bunun 98,3 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Fonddan bildirilib ki, pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2014-cü ilin 1 aprel tarixinə 171,7 manat olub. 2014-cü ilin 1 aprel tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 281 706 nəfər təşkil edib. Onların 61,5 faizini yaşa görə, 27,7 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.